Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək

Siyasət Xəbər 24 Noyabr 2026 20:23 (UTC +04:00)
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə nümayiş etdirilən süni həyat tərzi, reallıqdan uzaq münasibət modelləri və başqalarının həyatı ilə davamlı müqayisələr ailələrdə əsassız gözləntilər və narazılıqlar yaradır. Bu amillər ailədaxili münaqişələri dərinləşdirə və ailə münasibətlərinə mənfi təsir göstərə bilər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Mehriban Vəliyeva deyib.

O bildirib ki, gender bərabərliyinin təmin olunması, ailə institutunun qorunması və demoqrafik inkişaf Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu məsələlərə yalnız sosial siyasətin tərkib hissəsi kimi deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətin sağlam inkişafı və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunması baxımından yanaşılmalıdır.

Deputatın sözlərinə görə, Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət qadınların ictimai-siyasi həyatda, dövlət idarəçiliyində, təhsildə və iqtisadi proseslərdə iştirakının genişlənməsinə, ailələrin və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradıb.

O qeyd edib ki, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və ailə dəyərlərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

M.Vəliyeva bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin xüsusi qeyd olunmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, humanitar və sosial sahələrdə həyata keçirdiyi çoxsaylı layihələr qadınların, uşaqların və ailələrin rifahına mühüm töhfə verir.

Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva qadının cəmiyyətdəki nüfuzunun, ictimai məsuliyyətinin, humanizmin və milli dəyərlərə bağlılığının parlaq nümunəsidir. Onun fəaliyyəti qadınların ailə və ictimai həyatdakı rollarının bir-birini tamamladığını nümayiş etdirir.

M.Vəliyeva Milli Məclisin bu sahədə həyata keçirdiyi qanunvericilik fəaliyyətinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması və ailə münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində qəbul edilən qanunlar mühüm hüquqi təminatlar yaradır.

O, xüsusilə yaxın qohumlar arasında nikahların qadağan edilməsinə dair qanunvericilik dəyişikliklərinin gələcək nəsillərin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Deputatın fikrincə, bu addım irsi xəstəliklər və genetik risklərlə bağlı təhlükələrin azaldılmasına, sağlam uşaqların dünyaya gəlməsi üçün daha əlverişli zəmin yaradılmasına xidmət edir.

“Əslində, bu qərar yalnız bugünkü ailələrin deyil, gələcək nəsillərin sağlamlığına yönəlmiş məsuliyyətli dövlət siyasətinin ifadəsidir”, - deyə o bildirib.

M.Vəliyeva ailə institutunun qarşılaşdığı müasir çağırışlara da xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu gün sosial şəbəkələr ailə münasibətlərinə təsir göstərən ciddi amillərdən birinə çevrilib.

Onun sözlərinə görə, virtual məkanda nümayiş etdirilən süni həyat tərzi, reallıqdan uzaq münasibət modelləri və başqalarının həyatı ilə davamlı müqayisələr ailələrdə əsassız gözləntilər və narazılıqlar formalaşdırır.

Deputat əlavə edib ki, sosial şəbəkələrdə şəxsi həyatın həddindən artıq nümayiş etdirilməsi, virtual münasibətlər, etimadın pozulması və kənar müdaxilələr də ailədaxili münaqişələri daha da dərinləşdirə bilir.

“Bütün boşanmaları bu amillə əlaqələndirmək doğru olmasa da, onun ailə münasibətlərinə mənfi təsirini ciddi sosial problem kimi qiymətləndirməliyik”, - deyə M.Vəliyeva qeyd edib.

O hesab edir ki, ailə münasibətlərinin təməlində qarşılıqlı hörmət, sədaqət, etimad və məsuliyyət dayanmalıdır. Milli-mənəvi dəyərlərin yüksək olduğu, böyüyə hörmətin, valideyn məsuliyyətinin, qarşılıqlı anlayışın və ailə birliyinin qorunduğu ailələr, bir qayda olaraq, daha möhkəm olur.

Deputat vurğulayıb ki, milli dəyərlər yalnız keçmişdən gələn ənənə kimi deyil, müasir cəmiyyətin mənəvi təhlükəsizliyini təmin edən mühüm dayaq kimi qorunmalıdır.

Eyni zamanda, o diqqətə çatdırıb ki, ailə dəyərlərinin müdafiəsi qadın və uşaqların hüquqlarının qorunması, zorakılığa və ayrı-seçkiliyə qarşı prinsipial mövqe ilə uzlaşmalıdır.

M.Vəliyevanın sözlərinə görə, demoqrafik vəziyyətin yaxşılaşdırılması da kompleks yanaşma tələb edir. Bunun üçün gənc ailələrin mənzil və məşğulluq imkanlarının genişləndirilməsi, uşaqlı ailələrə sosial dəstəyin artırılması, məktəbəqədər təhsil xidmətlərinin əlçatanlığının təmin edilməsi və işləyən valideynlər üçün əlverişli şəraitin yaradılması vacibdir.

O bildirib ki, ailə qurmaq və övlad sahibi olmaq insanların gələcəyə inamı, sosial təminatı və təhlükəsizlik hissi ilə birbaşa bağlıdır.

Deputat bu sahədə ictimai maarifləndirmənin də gücləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, təhsil müəssisələrində ailə məsuliyyəti, valideynlik mədəniyyəti, gender bərabərliyi və rəqəmsal təhlükəsizlik məsələləri sistemli şəkildə təbliğ olunmalıdır.

M.Vəliyeva hesab edir ki, media və sosial platformalar ailə institutunu zəiflədən stereotiplərin deyil, sağlam münasibətlərin, qarşılıqlı hörmətin və milli-mənəvi dəyərlərin təşviqinə xidmət etməlidir.

Deputat əminliyini ifadə edib ki, gender bərabərliyi, güclü ailə və sağlam demoqrafik inkişaf bir-birini tamamlayan strateji istiqamətlərdir.

O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar və sosial təşəbbüsləri, Milli Məclisin qanunvericilik fəaliyyəti və cəmiyyətin fəal iştirakı qarşıya qoyulan məqsədlərə çatmaq üçün mühüm zəmin yaradır.

“Əsas vəzifəmiz müasir çağırışlara uyğun inkişaf etməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumaq, sağlam ailə modelini təşviq etmək və gələcək nəsillərə güclü cəmiyyət miras qoymaqdır”, - deyə M.Vəliyeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti