Bakı. Trend:
Azərbaycanda malların insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək, həmin mallara dair təhlükəsizlik tələbləri və uyğunluq sənədlərinin tələb olunması zərurəti texniki reqlamentlərdə əksini tapacaq.
Bu məsələ “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsi texniki reqlamentlərə, yəni mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi aktlara dair tələblərin təkmilləşdirilməsi məqsədi daşıyır.
Qeyd olunur ki, texniki reqlamentlər üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşır. Bu baxımdan, reqlamentlər hazırlanarkən insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi baxımından yarana biləcək risklər nəzərə alınmalıdır.
Həmin risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlar, emal texnologiyaları, eləcə də texniki reqlamentlərin şamil olunduğu malların son istifadəsi ilə bağlı məlumatlar əsasında aparılmalıdır.
Təklif olunan dəyişikliklərə əsasən, risk qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla hər bir malın insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək. Bu qiymətləndirmədən irəli gələrək müvafiq təhlükəsizlik tələbləri texniki reqlamentlərdə əks olunacaq.
Bununla yanaşı, mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb edilməsi zərurəti də texniki reqlamentlə müəyyənləşdiriləcək.
Hazırkı qaydalara əsasən, yüksək riskli mallar üçün uyğunluq sertifikatı, orta və aşağı riskli mallar üçün isə uyğunluq bəyannaməsi tələb olunur. Bu sənədlərin tətbiqi malların aid olduğu risk qruplarına əsaslanırdı.
Lakin malların risk qrupları üzrə təsnifatı ayrıca sənəd şəklində nəzərdə tutulmadığından, yeni yanaşmaya əsasən, uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsinin tələb olunması konkret malın təhlükəlilik dərəcəsi nəzərə alınmaqla texniki reqlamentdə müəyyən ediləcək.
Dəyişikliklər çərçivəsində “Texniki tənzimləmə haqqında” Qanunda istifadə olunan “risk səviyyəsi” ifadəsinin “təhlükəlilik dərəcəsi” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Eyni zamanda, uyğunlaşdırma məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanundan “orta riskli mallar” ifadəsinin çıxarılması nəzərdə tutulur.
Hazırda “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq, texniki tənzimləmənin şamil olunduğu mallar üzrə texniki reqlamentlərin hazırlanması və təsdiq edilməsi prosesi davam edir. Həmin malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
