Azərbaycan şirkəti bp-nin doqquz platformasına xidmət göstərəcək

İqtisadiyyat Xəbər 24 Noyabr 2026 17:13 (UTC +04:00)
Azərbaycan şirkəti bp-nin doqquz platformasına xidmət göstərəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"EnerMech OGP" şirkəti bp ilə Xəzər regionunda şirkətin doqquz dəniz platformasında yerləşən kran qurğularının istismarı və texniki xidməti üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıb.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müqavilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarını əhatə edir. İşlər "EnerMech"in Azərbaycandakı mövcud komandası tərəfindən şirkətin yükqaldırma avadanlığı üzrə qlobal həllər bölməsinin dəstəyi ilə həyata keçiriləcək.

Müqavilə kran avadanlıqlarının istismarı, texniki xidməti, yoxlanılması, eləcə də mühəndis-texniki dəstək daxil olmaqla kompleks xidmətləri nəzərdə tutur. Bu işlər əsas yükqaldırma avadanlıqlarının təhlükəsizliyinin, etibarlılığının və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin dəniz əməliyyatlarının səmərəliliyinin artırılmasına yönəlib.

“bp ilə bu müqavilənin imzalanması Azərbaycandakı komandalarımızın peşəkarlığının və fəaliyyət nəticələrinin yüksək qiymətləndirilməsidir. Uzunmüddətli tərəfdaşlıq etimada, öhdəliklərin ardıcıl şəkildə yerinə yetirilməsinə və əməliyyat mükəmməlliyinə ümumi sadiqliyə əsaslanır. bp-nin dəniz əməliyyatlarını dəstəkləməyə davam etməyimizlə fəxr edirik”, – deyə "EnerMech"in baş icraçı direktoru kiçik Çarlz Devison bildirib.

Onun sözlərinə görə, enerji sektorunda fəaliyyət göstərən şirkətlərin əməliyyatların səmərəliliyini və proqnozlaşdırıla bilməsini artırmaq, eyni zamanda aktivlərin ümumi yiyələnmə xərclərini azaltmaq səyləri fonunda "EnerMech" texniki ekspertiza, innovasiyalar və işlərin səmərəli təşkili vasitəsilə müştərilərinə bu məqsədlərə nail olmaqda kömək edir.

"EnerMech OGP"nin səhmdarı Eldar Məmmədzadə isə qeyd edib ki, bu müqavilə birgə müəssisənin inkişafında mühüm mərhələdir.

“Bu, xidmət portfelimizin genişləndirilməsi, yeni səriştələrin inkişafı, lokallaşdırma strategiyamızın, eləcə də Azərbaycanın dəniz enerji bazarında mövcudluğumuzun gücləndirilməsi üçün zəmin yaradır. Məqsədimiz bu imkandan yararlanaraq sahənin daha geniş ehtiyaclarını qarşılaya bilən və qarşıdakı illərdə yeni imkanları reallaşdıra bilən biznes formalaşdırmaqdır”, – deyə o bildirib.

"EnerMech"in "Lifting Solutions" istiqaməti üzrə vitse-prezidenti və Xəzər regionu üzrə baş direktoru Mark Dalqarnonun sözlərinə görə, müqavilə Azərbaycanda formalaşdırılmış komandanın potensialını, eləcə də dəniz obyektlərində işlərin ardıcıl və keyfiyyətli icrası nəticəsində qazanılmış etimadı əks etdirir.

O qeyd edib ki, şirkətin mütəxəssisləri bp-nin aktivləri, istismar şəraiti, eləcə də mürəkkəb yükqaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli həyata keçirilməsi ilə bağlı tələblərlə yaxşı tanışdılar:

""EnerMech OGP" ixtisaslaşmış xidmətlərin qlobal təchizatçısı" EnerMech" və "Oil Gas ProServ" (OGP) şirkətlərinin birgə müəssisəsi kimi yaradılmış və Azərbaycanda qeydiyyatdan keçmiş şirkətdir. Şirkət beynəlxalq texniki ekspertizanı yerli bilik və imkanlarla birləşdirir.

"EnerMech OGP" Azərbaycanın enerji sektoruna yükqaldırma avadanlıqları, onların istismarı və texniki xidməti sahəsində xidmətlər göstərir. Şirkət, həmçinin milli kadrların hazırlanmasına, peşəkar bacarıqların inkişafına və yerli mütəxəssislər üçün uzunmüddətli karyera imkanlarının yaradılmasına investisiya yatırır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti