Bakı. Trend:
Hörmüz boğazı hər gün daha da qapanmalı və qarşı tərəf üçün şərait çətinləşməlidir.
İran Ordusunun informasiya portalının məlumatına görə, bunu İran ordusunun baş komandanı, ordu generalı Əmir Hatəmi çərşənbə axşamı (24 noyabr) Tehranda ordunun nəzdində fəaliyyət göstərən Komandanlıq və Qərargah Universitetində etdiyi çıxışında deyib.
“İranın 7 şərti reallaşmadığı vaxta qədər, Hörmüz boğazı açılmayacaq, üstəlik hər gün bu boğaz daha da bağlanmalı və qarşı tərəf üçün çətin olmalıdır. Hörmüz boğazının idarə olunması üçün güclü idarəçilik tətbiq olunacaq”, -deyə o qeyd edib.
Ordu generalı bildirib ki, İran 4 istiqamətdə hərbi, sosial, siyasi və geosiyasi istiqamətdə qarşı tərəfin hesablamalarını alt-üst edib. Hörmüz boğazı İranın geosiyasi gücünün bir hissəsidir.
“İran boğaza ilişən tikədir. Onu udmaq istəyən hər bir şəxs mütləq boğulacaq”, -deyə o bildirib.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
