Kəlbəcərin müdafiəsi əvəzinə icra başçısının toyuna gediblər - Siyavuş Novruzov

Cəmiyyət Xəbər 24 Noyabr 2026 12:11 (UTC +04:00)
Kəlbəcərin müdafiəsi əvəzinə icra başçısının toyuna gediblər - Siyavuş Novruzov
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun qüdrəti nəticəsində bir metr belə ərazi və bir əsgər itirilmədən işğaldan azad edilib, hazırda isə rayon geniş quruculuq və abadlıq meydançasına çevrilib.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan təxminən altı il ərzində işğaldan azad edilmiş ərazilərin azad olunması günlərini qeyd edir. Onun sözlərinə görə, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və cəsarətli addımları, Azərbaycan Ordusunun qüdrəti, xalq-iqtidar birliyinin nəticəsidir.

O, sabah Kəlbəcərin işğaldan azad olunması ərəfəsinin olduğunu xatırladaraq, rayonun vaxtilə necə itirildiyinə diqqət çəkib. Deputat bildirib ki, Müsavat hakimiyyəti dövründə Kəlbəcərin təhvil verilməsi nəticəsində təkcə Qarabağ deyil, Gəncə şəhəri də işğal təhlükəsi ilə üz-üzə qalıb.

"Kəlbəcər kimi strateji bir nöqtənin işğal olunması gələcəkdə Qarabağın və işğal altında olan digər bölgələrimizin geri qaytarılması üçün çox çətin problemlər yaradırdı", – deyə o vurğulayıb.

Deputat həmin dövrü xatırladaraq bildirib ki, Kəlbəcərin müdafiəsinə və oradakı sərhədçilərə, döyüşçülərə dəstək verilməli olduğu halda, o zamankı Ali Sovetin sədri İsa Qəmbər və dövlət katibi Əli Kərimov bir həftə ərzində Kəlbəcərin icra başçısının toy mərasimində iştirak ediblər.

S.Novruzovun sözlərinə görə, nəticədə Kəlbəcər işğal altına düşüb. O bildirib ki, hazırda isə Azərbaycan Prezidentinin qətiyyəti və cəsarəti sayəsində rayon bir metr ərazi və bir əsgər itirilmədən işğaldan azad edilib.

Deputat Kəlbəcərin Azərbaycanın ən strateji və ən dağlıq bölgələrindən biri olduğunu vurğulayaraq, hazırda burada genişmiqyaslı quruculuq işlərinin aparıldığını bildirib.

"Bu gün Kəlbəcər artıq quruculuq, abadlıq, tikinti meydançasına çevrilibdir", – deyə o qeyd edib.

S.Novruzov əlavə edib ki, rayonda xəstəxanalar və məktəblər tikilir, infrastruktur yaradılır, əhalinin doğma yurdlarına köçürülməsi həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti