Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun indiyədək 145 qadın məzunu olub. Hazırda institutda təhsil alan 318 tələbədən 98-i qızdır. Daha dörd qız tələbə təhsilini magistratura səviyyəsində davam etdirir.
Trend-in müxbiri xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çərşənbə axşamı “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri bildirib ki, qadın məzunlardan 126-sı bakalavriat, 13-ü magistratura, beşi doktorantura, biri isə dissertantura üzrə təhsilini başa vurub. İnstitutun nəzdində fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində hazırda 19 qız tələbə təhsil alır, indiyədək isə kolleci dörd qız bitirib.
“Bu sahədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil almaq imkanlarının genişləndirilməsidir”, – deyə Ramin Məmmədov bildirib.
Onun sözlərinə görə, institutda tələbələrin dini mənbələri akademik əsaslarla öyrənməsi, dinin tarixi və fəlsəfəsi üzrə biliklərə yiyələnməsi üçün şərait yaradılıb. Komitə sədri müxtəlif dini-fəlsəfi baxışları təhlil etmək bacarığının dini maarifləndirmənin səviyyəsini yüksəltmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Ramin Məmmədov bildirib ki, 2025-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondu institutun tələbələri üçün Seyid Yəhya Bakuvi, Məhəmməd İrəvani və Həmzə Nigari adına təqaüd proqramları təsis edib. Bu proqramların qalibləri arasında qız tələbələr də yer alıb.
Fond, həmçinin tələbə qızların sosial inteqrasiyasını gücləndirmək və erkən nikah, qızların təhsildən yayınması, ailədaxili zorakılıqla bağlı maarifləndirmə təşəbbüslərini dəstəkləmək üçün “Xurşidbanu Natəvan” təqaüdünü təsis edib.
“Dini biliklərin düzgün mənimsənilməsi, dini mətnlərin elmi və tarixi kontekstdə şərhi, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi məsələlərində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir”, – deyə komitə sədri vurğulayıb.
Ramin Məmmədov qadınların Azərbaycanın ictimai həyatındakı rolunun dərin tarixi köklərə malik olduğunu da bildirib. O, 1901-ci ildə Bakıda qızlar üçün dünyəvi məktəbin açılmasını və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsini bu baxımdan mühüm hadisələr kimi qeyd edib. Dini-mənəvi irsin qorunmasında qadınların roluna nümunə olaraq Gövhər ağanın Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin, Nabat xanım Aşurbəyovanın isə Bakıda Təzəpir məscidinin tikintisini maliyyələşdirdiyini xatırladıb.
