Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki icrasına başlanılması Azərbaycanın milli maraqlarının təmin edilməsi, Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmləndirilməsi və regionun iqtisadi potensialının reallaşdırılması baxımından tarixi əhəmiyyət daşıyır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu hadisə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qətiyyətli diplomatiyasının və milli maraqlara əsaslanan strateji qərarlarının növbəti mühüm nəticəsidir:
"ABŞ Prezidenti Donald Trampın layihənin icrasına başlanılması münasibətilə videomüraciətində Azərbaycan Prezidenti İlham Əliyevə xoş sözlər ünvanlaması, Prezidenti İlham Əliyevin isə öz növbəsində ABŞ Prezidentinə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının əyani göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın regional sülhün və təhlükəsizliyin təmin edilməsində oynadığı mühüm rolun dünyanın aparıcı gücləri tərəfindən yüksək qiymətləndirilməsinin ifadəsidir.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaların artıq praktiki müstəvidə həyata keçirilməsinə başlanılması Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüslərinin real nəticələr verdiyini göstərir. Azərbaycan regionda yeni reallıqlar yaratmaqla kifayətlənmir, həm də bu reallıqlar əsasında Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinin formalaşmasında mühüm rol oynayır".
Deputat qeyd edib ki, TRIPP layihəsinin ölkəmiz üçün ən mühüm əhəmiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz quru nəqliyyat əlaqəsinin bərpasına imkan yaratmasıdır: "Otuz ildən artıq müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması tarixi ədalətin bərpası baxımından da xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru nəqliyyat əlaqəsinin təmin edilməsi muxtar respublikanın sosial-iqtisadi inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, investisiya imkanlarının artmasına və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verəcək.
Layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyini də daha da gücləndirəcək. Yeni nəqliyyat marşrutu Azərbaycanla Türkiyə arasında quru bağlantısını genişləndirməklə yanaşı, türk dünyasının iqtisadi inteqrasiyasına, Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların artmasına və Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasına şərait yaradacaq. Bunun nəticəsində Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalarının həcminin artması, yeni investisiyaların cəlb edilməsi və əlavə iqtisadi imkanların yaranması gözlənilir.
TRIPP yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf perspektivləri açır. Regional kommunikasiyaların bərpası qarşılıqlı iqtisadi maraqların formalaşmasına, ölkələr arasında etimadın möhkəmlənməsinə və uzunmüddətli sülhün iqtisadi əsaslarının yaradılmasına xidmət edəcək. Ermənistan da konstruktiv mövqe nümayiş etdirməklə regional iqtisadi əməkdaşlıqdan və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyadan faydalanmaq imkanı əldə edə bilər.
Layihənin digər mühüm siyasi nəticəsi Azərbaycan–ABŞ münasibətlərinin daha da möhkəmlənməsi ilə bağlıdır. ABŞ-nin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına və regional əməkdaşlığın inkişafına fəal dəstək verməsi Azərbaycanla münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün əlverişli zəmin yaradır. İki ölkə arasında enerji təhlükəsizliyi sahəsində uzun illər ərzində formalaşmış əməkdaşlığın nəqliyyat, logistika, investisiya və digər strateji istiqamətlər üzrə genişləndirilməsi mühüm perspektivlər vəd edir.
Bütün bu nailiyyətlərin təməlində isə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə regionda qüvvələr nisbətini dəyişdirdi, beynəlxalq hüququn və tarixi ədalətin bərpasını təmin etdi, yeni siyasi və iqtisadi reallıqlar yaratdı. Məhz həmin Zəfər bu gün regional kommunikasiyaların açılması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru bağlantısının bərpası məsələsinin praktiki müstəviyə keçməsini mümkün etdi.
Bu baxımdan, TRIPP layihəsinin icrasına başlanılması Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin məntiqi davamı, hərbi-siyasi qələbəmizin diplomatik və iqtisadi nailiyyətlərlə möhkəmləndirilməsinin parlaq nümunəsidir.
Azərbaycan bu gün müharibənin yaratdığı dağıdıcı nəticələri aradan qaldıran, sülh təşəbbüsləri irəli sürən, region xalqlarının gələcək rifahına xidmət edən strateji layihələrin təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kurs ölkəmizin milli maraqlarının təmin olunması ilə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə və Cənubi Qafqazın sülh, sabitlik və iqtisadi əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir".
