Bakı. Trend:
Son 5 ildə Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyərək 1,5 milyard manatı ötüb, sənaye potensialı isə 150 milyon manatdan yüksək səviyyəyə çatıb.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son 5 ildə Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindən birinə çevrilib.
Onun sözlərinə görə, 2020-ci ildə rayonun iqtisadiyyatının əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat təşkil etdiyi halda, hazırda bu göstərici 1,5 milyard manatdan çoxdur.
"Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb", – deyə V.Bayramov qeyd edib.
Deputat diqqətə çatdırıb ki, sənaye sahəsində də ciddi artım qeydə alınıb. Belə ki, 2020-ci ildə Kəlbəcərdə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda rayonun sənaye potensialı 150 milyon manatdan yüksəkdir.
V.Bayramov, həmçinin bərpa və yenidənqurma işlərinin tikinti sektorunun inkişafına ciddi təkan verdiyini vurğulayıb. Bildirib ki, son 5 ildə Kəlbəcərdə tikinti sektoru 165 dəfə böyüyüb.
O qeyd edib ki, bu, qlobal miqyasda bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdən biridir.
