Bakı.Trend:
Serbiyanın mərkəzində yerləşən peşə məktəblərindən birində silahlı insident baş verib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, yeniyetmə tüfəngdən atəş açdıqdan sonra polis tərəfindən saxlanılıb.
Hadisə yerli vaxtla saat 08:00 radələrində 1 saylı Texniki Məktəbin dəhlizində baş verib. Nəticədə iki nəfər xəsarət alıb.
Polisin məlumatına görə, xəsarət alanlardan birinin odlu silahdan açılan atəş nəticəsində, digərinin isə şüşə qırıntıları ilə yaralandığı ehtimal olunur. Hər iki zərərçəkən yerli xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı əlavə məlumat açıqlamayıb.
Məktəbin direktoru Nemanya Yoksimoviç yerli KİV-ə bildirib ki, atəş açan 17 yaşlı yeniyetmə həmin məktəbin şagirdi olub.
“Hadisə birinci dərs vaxtı baş verib. Buna görə də digər şagirdlər sinif otaqlarında olublar ki, bu da mövcud vəziyyətdə müsbət haldır”, – deyə o qeyd edib.
