Bakı. Trend:
Azərbaycanda ömür uzunluğu orta hesabla 74 il, sağlam ömür uzunluğu isə təxminən, 64 ildir. Bu göstəricilər arasında təxminən, 10 il fərq var.
Trend-in müxbiri xəbər verir ki, bu fikirləri “Hədəf 130/80” layihəsinin rəhbəri Ülvi Mirzoyev çərşənbə axşamı layihənin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, gözlənilən ömür uzunluğu qadınlarda orta göstəricidən bir qədər yüksək, kişilərdə isə bir qədər aşağıdır. Ü.Mirzoyev yüksək arterial təzyiqi miokard infarktı, insult və böyrək çatışmazlığı riskini artıran və nəzarətdə saxlanıla bilən əsas amillərdən biri kimi göstərib.
Layihə rəhbəri qeyd edib ki, 40 yaşdan yuxarı insanların təxminən, 40 faizində yüksək arterial təzyiq müşahidə olunur. Yüksək təzyiqi olanların təxminən, üçdə biri bundan xəbərsizdir. Təzyiqinin yüksək olduğunu bilənlərin bir qismi isə müntəzəm müalicə almır.
Ü.Mirzoyevin sözlərinə görə, yüksək arterial təzyiqi olan şəxslərin ümumilikdə yalnız 10 faizə yaxınında qan təzyiqi layihənin 130/80 hədəfindən aşağıdır. O qeyd edib ki, yüksək təzyiqin erkən aşkarlanması və effektiv müalicəsi xəstəliklərin, əlillik hallarının və vaxtından əvvəl ölümlərin azalmasına, insanların daha uzun və sağlam yaşamasına töhfə verə bilər.
“Hədəf 130/80” layihəsi iki istiqamətdə həyata keçirilir. Əhali üçün qan təzyiqinin müntəzəm ölçülməsi və nəzarətdə saxlanılması barədə maarifləndirmə aparılır. Tibb işçiləri ilə iş isə yüksək təzyiq aşkarlandıqda klinik tövsiyələrə əsaslanan müalicə yanaşmalarının tətbiqinə yönəlib.
Ülvi Mirzoyev Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün profilaktik müayinələrin təşkilinə dəstəyin maarifləndirmənin əhatə dairəsini genişləndirəcəyini bildirib. Onun sözlərinə görə, layihənin uzunmüddətli məqsədi əhali arasında qan təzyiqi nəzarətdə olan insanların payını ildən-ilə artırmaqdır.
