Bakı. Trend:
Bu gün səhər saatlarında Hörmüz boğazının qadağan edilmiş şərq hissəsində dəniz minasına düşməsi nəticəsində iki neft tankerində yanğın baş verib.
Bu barədə İran ordusu məlumat yayıb.
“Hörmüz boğazı İranın məqsədləri və tələbləri reallaşmadığı zamana qədər açılmayacaq. Neft tankerlərinn sahibləri bu strateji boğazdan təhlükəsiz keçid üçün İranın silahlı qüvvələri ilə koordinasiya etməlidirlər”, -deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
