Bakı.Trend:
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın 1997-ci ildən əvvəl mövcud olmuş Avropa təhlükəsizliyi sisteminə qayıtmaq çağırışlarını qeyri-ciddi adlandırıb. Onun fikrincə, belə bir ssenari Ukraynanın Krım yarımadasını və ölkənin şərqindəki ərazilərini geri qaytarmaq zərurəti yaradardı.
UNIAN-ın məlumatına görə, o, bu barədə Berlində NATO Parlament Assambleyasının plenar iclasında çıxış edərkən bildirib.
“Əlbəttə, Putinin 1997-ci il vəziyyətinə qayıtmaqdan danışması qeyri-ciddi idi. Çünki bu, onun Ukraynanın şərqində hazırda işğal altında saxladığı bütün əraziləri və Krımı geri qaytarmalı olması demək olardı. Bəs Rusiyada həqiqətən də bunu etməyə hazırdırlarmı? Mən belə düşünmürəm. Buna görə də gəlin, məsələlərə ciddi yanaşaq”, – deyə Vadeful bildirib.
Almaniyalı nazirin sözlərinə görə, Avropada artıq 1975-ci il Helsinki Yekun Aktı, Paris Xartiyası və Budapeşt Memorandumunda təməli qoyulmuş təhlükəsizlik arxitekturası formalaşıb.
O vurğulayıb ki, Rusiya özünün də imzaladığı müəyyən edilmiş hüquqi çərçivəyə riayət etməlidir.
