Bakı. Trend:
ABŞ-nin 2028-ci ildə futbol üzrə Amerika Kubokuna ev sahibliyi edəcəyi rəsmən təsdiqlənib.
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) turnirin birgə təşkili ilə bağlı razılıq əldə ediblər.
49-cu dəfə keçiriləcək Amerika Kuboku 2028-ci il iyunun 9-dan iyulun 9-dək davam edəcək. Yarışın təqviminə 25 oyun günü daxil edilib.
Turnirdə CONMEBOL-un üzvü olan 10 ölkənin milli komandası ilə yanaşı, CONCACAF-ı təmsil edən altı yığma da mübarizə aparacaq.
CONCACAF-ın altı təmsilçisi 2027-ci il iyunun 17-dən iyulun 11-dək keçiriləcək Qızıl Kubokun nəticələrinə əsasən müəyyənləşəcək.
Yarışın keçiriləcəyi şəhərlər, stadionlar və oyunların təqvimi barədə əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.
Qeyd edək ki, 2016 və 2024-cü illərdə də Amerika Kubokuna ev sahibliyi edən ABŞ bu turniri tarixində üçüncü dəfə qəbul edəcək.
