Belçika “Sıfır əməliyyatı” üzrə hesablanmış vergilərin yalnız bir hissəsini geri ala bilib

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 04:57 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikanın vergi orqanları “Sıfır əməliyyatı” (Operation Zero) qalmaqalı ilə bağlı son səkkiz il ərzində hesablanmış vergi və cərimələrin yalnız bir hissəsini toplaya bilib.

Hakimiyyət orqanları əlavə olaraq 140 milyon avro vergi və cərimə hesablasalar da, indiyədək bunun cəmi 42 milyon avrosunu geri ala biliblər. İddia olunan borcun tərkibinə ödənilməmiş gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV) və 58 milyon avro məbləğində cərimələr daxildir.

Bu rəqəmlər maliyyə, iqtisadiyyat və ədliyyə nazirləri tərəfindən “Xristian Demokratlar və Flamandlar” Partiyasının (CD&V) deputatı Stiven Mateyaya təqdim edilib.

2018-ci ildən etibarən Xüsusi Vergi Müfəttişliyi bu məsələ ilə bağlı bir neçə onlarla iş açıb. Hazırda onlardan 47-si icraatdadır.

Deputat çatışmayan vəsaitin geri qaytarılması üçün məqsədyönlü tədbirlərin görülməsinə çağırıb. Onun fikrincə, dövlət yalnız qanun pozuntularını aşkar etməklə kifayətlənməməli, həm də vəsaitlərin faktiki olaraq geri alınmasını təmin etməlidir.

Məlumatlardan o da məlum olur ki, 2023-cü ildən etibarən futbol klubları üzərində dövlət nəzarəti faktiki olaraq dayandırılıb. Belə ki, Federal İqtisadiyyat Xidməti peşəkar klublarda 2021-ci ildə üç, 2022-ci ildə səkkiz, 2023-cü ildə isə cəmi bir yoxlama aparıb. 2024 və 2025-ci illərdə isə heç bir yoxlama keçirilməyib.

Hazırda nəzarət əsasən Pro-liqanın təşəbbüsü ilə təşkil olunan müstəqil auditlərə əsaslanır.

Qeyd edək ki, 2017-ci ildə başlanmış “Sıfır əməliyyatı” Belçika futbolunda rüşvətxorluq, danışılmış oyunlar və çirkli pulların yuyulması halları ilə bağlı olub. İş üzrə futbol agentləri, hakimlər və futbol funksionerləri də daxil olmaqla, ümumilikdə 23 nəfərə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti