Bakı. Trend:
Avropanın ağır yükdaşıyan "Ariane 6" raketi "Amazon Leo" peyk internet sisteminə məxsus 36 peyki aşağı Yer orbitinə uğurla yerləşdirib.
Bu barədə “Arianespace” şirkəti məlumat yayıb.
Buraxılış Fransa Qvianasındakı Kuru kosmodromundan həyata keçirilib. Son peyklərin təxminən 460 kilometr yüksəklikdə ayrılması ilə başa çatan uçuş 2 saat 4 dəqiqə davam edib.
Bu, "Ariane 6" raketinin istifadəyə verildiyi vaxtdan etibarən 10-cu, 2026-cı ildə isə beşinci uğurlu buraxılışıdır.
İlin əvvəlindən indiyədək “Arianespace” orbitə ümumilikdə 136 Amazon Leo peyki çıxarıb. Şirkətlər arasında imzalanmış müqavilə 24 buraxılışı əhatə edir. Onlardan altısı əlavə olaraq 2026-cı ilin sentyabrında sifariş edilib.
Qeyd edək ki, "Ariane 6" "Ariane" raket ailəsinin yeni nəslinə aiddir və 1996-2023-cü illərdə Kuru kosmodromundan buraxılan "Ariane 5" raketlərini əvəz edib.
Raketin iki versiyası mövcuddur. İki yan bərk yanacaq gücləndiricisi ilə təchiz edilən "Ariane 62" aşağı Yer orbitinə 10,3 tona qədər, dörd gücləndiricisi olan "Ariane 64" isə 21,6 tona qədər faydalı yük çıxara bilir.
"Ariane 6" ilk dəfə 2024-cü il iyulun 9-da iki gücləndirici ilə kosmosa buraxılıb.
