ABŞ-də quş qripinə üç yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 01:31 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Vaşinqton ştatında insanlarda A(H5) quş qripi virusuna üç laboratoriya təsdiqli yoluxma halı aşkarlanıb. Yoluxanlardan biri həyatını itirib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ABŞ hakimiyyəti 2026-cı il oktyabrın 16-dan noyabrın 4-dək qeydə alınan yoluxma halları barədə ÜST-ə məlumat verib.

Qeyd olunub ki, bu, yoluxmuş mal-qara və ya onunla əlaqəli mühitlə təmas nəticəsində baş verən və ölümlə nəticələnən ilk insan yoluxmasıdır.

Yoluxan hər üç şəxs əvvəllər iribuynuzlu mal-qarada yüksək patogenli A(H5N1) quş qripi virusunun aşkarlandığı Yakima dairəsindəki süd fermalarının əməkdaşlarıdır.

Hazırda mütəxəssislər yoluxma şəraitini araşdırır, həmçinin xəstələrlə təmasda olan şəxslərin müayinəsini davam etdirirlər. Virusun insandan insana ötürülməsinə dair hər hansı sübut aşkarlanmayıb.

ÜST ümumi əhali üçün A(H5N1) virusuna yoluxma riskini aşağı, peşə fəaliyyəti ilə əlaqədar virusla təmasda olan şəxslər üçün isə aşağı və ya orta səviyyədə qiymətləndirir.

Təşkilat vurğulayıb ki, yeni məlumatlar əldə olunduqca risk qiymətləndirməsinə yenidən baxıla bilər.

Xəbər lenti

Xəbər lenti