Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkə hökumətinin texnologiya şirkəti “Nvidia”da pay əldə edə biləcəyini istisna etməyib.
“Mən bu barədə düşünmüşəm. Dedim ki, bəlkə də bunu etməliyəm. Amma hələlik bu məsələni müzakirə etməmişəm. Bəlkə də hələ gec deyil”, - deyə Tramp bildirib.
ABŞ lideri süni intellektin inkişafı baxımından “Nvidia”nın ölkə üçün əhəmiyyətini vurğulayıb və xatırladıb ki, ABŞ hökuməti 2025-ci ildə “Intel” şirkətində 10 faizlik pay əldə edib.
Bununla belə, Tramp hökumətin “Nvidia”da hansı şərtlərlə pay sahibi ola biləcəyini açıqlamayıb.
Bundan əlavə, ABŞ Prezidenti “Nvidia”nın baş direktoru Censen Huangın əfv edilməsi ehtimalını da gündəmə gətirib, lakin buna ehtiyac yaranmayacağını düşündüyünü bildirib.
Trampın sözlərinə görə, uyğun olmayan namizədin rəhbər vəzifəyə təyin edilməsi ABŞ üçün ciddi fəsadlara səbəb ola bilərdi. O, Huangın şirkətin rəhbərliyinə qayıtmasına kömək etdiyini də qeyd edib.
Ağ Ev, həmçinin Huangın Senatın Bank Komitəsinin qarşıdakı dinləməsində doğru ifadə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ hakimiyyəti “Nvidia”nın süni intellekt sistemləri üçün istehsal etdiyi çiplərin qanunsuz şəkildə Çinə göndərilməsindən şübhələnir.
Huang Çinə casusluqda şübhəli bilinən qadınla əlaqələrinin üzə çıxmasından sonra noyabrın 12-də “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən istefa verib. Çin Xarici İşlər Nazirliyi bu iddiaları böhtan adlandırıb.
Şirkətin Direktorlar Şurası noyabrın 23-də Huangın vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib. “Nvidia”nın məlumatına görə, ABŞ hakimiyyəti onun şirkət rəhbərliyinə qayıtmasının milli təhlükəsizlik üçün heç bir təhdid yaratmadığına zəmanət verib.
