Bakı. Trend:
25 noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Kəlbəcərin 27 illik işğaldan sonra doğma Vətənə qovuşmasının, tarixi ədalətin bərpasının və Qarabağda yeni quruculuq mərhələsinin başlanmasının rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edilib. Bu gün Kəlbəcər təkcə azad edilmiş ərazi deyil, həm də Azərbaycanın hərbi-siyasi qələbəsinin, dövlət iradəsinin və Böyük Qayıdış strategiyasının mühüm nümunələrindən biridir.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər özünəməxsus
təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri, qədim tarixi və
mədəni irsi ilə seçilir. Kiçik Qafqazın yüksək dağlıq ərazisində
yerləşən rayonun ən hündür zirvələri Camışdağ dağındakı 3724
metrlik zirvə və 3616 metr yüksəklikdə yerləşən Dəlidağdır.
Ərazinin böyük hissəsinin meşələrlə örtülməsi, dağ çayları, mineral
su mənbələri və əlverişli təbii şəraiti Kəlbəcəri Azərbaycanın ən
fərqli coğrafi məkanlarından birinə çevirir. Kəlbəcərin tarixi isə
onun müasir inzibati sərhədlərindən xeyli qədimə gedib çıxır.
Toponimin mənşəyi qədim türk dilində “çay üstündə qala” mənası ilə
əlaqələndirilir. Yaşayış məntəqəsinin yerləşdiyi qayalıqlarda
Tərtər çayı boyunca sıralanan qədim süni mağaralar mövcuddur. Rayon
ərazisində 30 min ildən artıq tarixə malik yaşayış məskənlərinin, 6
min il yaşı olan qaya təsvirlərinin və qədim türk əlifbası
nümunələrinin aşkar edilməsi bu ərazinin qədim sivilizasiya
məkanlarından biri olduğunu göstərir.
Kəlbəcərdəki daş abidələr müxtəlif tarixi dövrlərin izlərini özündə
yaşadır. Onlar Şimali Azərbaycanda erkən dövr türklüyün,
atəşpərəstliyin, xristianlığın, VII əsrdən etibarən isə İslamın
yayıldığı mərhələlərə aid zəngin tarixi-mədəni irsin nümunələridir.
Xüsusilə Xudavəng monastır kompleksi və digər tarixi abidələr
bölgənin mədəni irsinin əhəmiyyətini bir daha ortaya qoyur. 1930-cu
ildə inzibati rayon statusu alan Kəlbəcərin ərazisi 3054
kvadratkilometrdir. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə və 145
kənd mövcud olub. Həmin dövrdə əhalinin sayı 53 min 478 nəfər
təşkil edib. Bu göstəricilər Kəlbəcərin həm ərazi, həm də
demoqrafik baxımdan Azərbaycanın mühüm rayonlarından biri olduğunu
təsdiqləyir.
Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilib. Bu hadisə Azərbaycanın müstəqillik
tarixinin ən ağır faciələrindən biri olmaqla yanaşı, bölgənin
demoqrafik, sosial-iqtisadi və mədəni həyatına ciddi zərbə vurub.
İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və
itkin düşüb. Rayonun əhalisi doğma torpaqlarını tərk etməyə məcbur
qalıb və Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşıb. Bir vaxtlar özünəməxsus həyat tərzi,
təsərrüfatı və sosial infrastrukturu olan Kəlbəcər əhalisinin böyük
hissəsi uzun illər məcburi köçkün həyatı yaşayıb. İşğal nəticəsində
rayonun tarixi-mədəni irsinə, təhsil, səhiyyə və digər sosial
infrastrukturlarına da ciddi ziyan vurulub. Onlarla
tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116
kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi,
9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya və 9 aptek talan
edilib, dağıdılıb və yararsız vəziyyətə salınıb. Minlərlə yaşayış
evi, inzibati bina, avtomobil və texnika məhv edilib, rayonun təbii
sərvətləri və iqtisadi potensialı talan olunub. Beynəlxalq
ictimaiyyət isə həmin dövrdə baş verənlərə baxmayaraq, işğalın
aradan qaldırılması istiqamətində effektiv addımlar ata bilməyib.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822
saylı qətnamə ilə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın
digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb
etmişdi. Lakin bu qətnamənin icrası təmin olunmadı. Bununla yanaşı,
1999-cu ildən etibarən Kəlbəcər ərazisində qeyri-qanuni
məskunlaşdırma siyasətinin həyata keçirilməsinə başlanıldı.
Beləliklə, Ermənistanın işğal siyasəti yalnız Azərbaycan
torpaqlarının hərbi nəzarətdə saxlanılması ilə məhdudlaşmadı, həm
də bölgənin demoqrafik və tarixi mənzərəsinin dəyişdirilməsinə
yönəldi.
2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi
bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu.
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində
düşmənin müdafiə sistemi yarıldı, strateji yüksəkliklər nəzarətə
götürüldü və Ermənistan silahlı qüvvələrinin hərəkət imkanları
ciddi şəkildə məhdudlaşdırıldı. Kəlbəcər istiqaməti də
hərbi-strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərində
Azərbaycan Silahlı Qüvvələri Kəlbəcərin şimal hissəsində bir sıra
strateji yüksəklikləri azad edərək Ermənistan silahlı qüvvələrinin
bu istiqamətdə hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı.
Bu, Basarkeçər-Kəlbəcər yolundan istifadənin qarşısının alınmasına
və Ermənistan ordusunun hərbi imkanlarının zəiflədilməsinə gətirib
çıxarmışdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Kəlbəcərin
Azərbaycana qaytarılması üçün hüquqi-siyasi əsas yaratdı. Bəyanatın
şərtlərinə uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən
şəhər və 147 yaşayış məntəqəsi Azərbaycana təhvil verildi.
Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Kəlbəcərin
azad edilməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi
Zəfərin mühüm nəticələrindən biri olmaqla yanaşı, bölgədə yeni
geosiyasi və hərbi-strateji reallıqların formalaşmasına da təsir
göstərdi.
Rayonun boşaldılması zamanı Ermənistanın qeyri-qanuni məskunlaşmış sakinlərinin evləri, meşələri və digər mülki obyektləri yandırması isə işğal dövründə olduğu kimi, ərazinin tərk edilməsi prosesində də dağıdıcı davranışların davam etdiyini göstərdi. Bu hadisələr Kəlbəcərin sosial-iqtisadi və ekoloji mühitinə əlavə zərər vurdu. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə rayonun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş və şəxsi igidlik nümayiş etdirmiş 9455 hərbi qulluqçu bu medalla təltif olundu.
Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə
uzun illər dağıdılmış və infrastrukturu məhv edilmiş rayonun
yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışının təmin
edilməsi idi. Bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı
layihələrin icrasına başlanıldı. Prezident İlham Əliyev 2021-ci il
avqustun 16-da azad edilmiş Kəlbəcərə ilk səfərlərindən birini
həyata keçirdi. Səfər çərçivəsində Ömər aşırımı ilə tanışlıq,
Murovdağ tunelinin təməlqoyma mərasimi, “Kəlbəcər-1” Kiçik Su
Elektrik Stansiyasında görülən işlərə baxış və 110/35/10 kV-luq
“Kəlbəcər” yarımstansiyasının açılışı baş tutdu. Dövlət başçısı
Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaltdı, hərbi hissədə
yaradılmış şəraitlə tanış oldu, dağıdılmış “İstisu” sanatoriyasına
baxış keçirdi və arıçılarla görüşdü. Sonrakı illərdə də Prezidentin
Kəlbəcərə mütəmadi səfərləri bərpa və quruculuq prosesinin ardıcıl
şəkildə davam etdirildiyini göstərdi. 2022-ci ilin iyunun 26-da
“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı, “İstisu”
mineral su zavodunun təməlqoyma mərasimi, Kəlbəcər şəhərinin Baş
planı ilə tanışlıq və İşğal və Zəfər muzeyləri kompleksinin
təməlinin qoyulması bu prosesin mühüm mərhələləri oldu. 2023-cü
ildə Yanşaq və Zallar kəndlərinin təməlləri qoyuldu, Zar kəndində
tikinti işlərinə başlanıldı, bir sıra kiçik su elektrik
stansiyaları istifadəyə verildi. Eyni zamanda Kəlbəcər şəhərində
ilk yaşayış məhəlləsinin və məktəb binasının təməli qoyuldu.
2024-cü ilin sentyabrında isə Kəlbəcərdə yeni infrastruktur
layihələrinin icrası davam etdirildi. “Yuxarı Vəng” Su Elektrik
Stansiyasının açılışı, “İstisu” mineral su zavodunun istifadəyə
verilməsi, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlinin
qoyulması və İstisu qəsəbəsinin yenidən qurulması istiqamətində
görülən işlər diqqət çəkdi. 2025-ci il avqustun 21-də Prezident
İlham Əliyevin Kəlbəcərə növbəti səfəri zamanı şəhərdə yeni yaşayış
komplekslərinin təməlləri qoyuldu, şəhər parkının tikintisinə
başlanıldı, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları
mağazası” açıldı. Dövlət başçısı Kəlbəcər sakinləri ilə görüşərək
yeni mənzillərin açarlarını təqdim etdi. Səfər çərçivəsində “Aşağı
Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları da
istifadəyə verildi.
Kəlbəcərin yenidən qurulmasında mühüm sənədlərdən biri şəhərin
2040-cı ilədək inkişafına dair Baş plandır. Nazirlər Kabinetinin
2024-cü il mayın 1-də qəbul etdiyi qərarla təsdiqlənən sənəd
şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir.
1969-cu ildə hazırlanmış son Baş plana əsasən, Kəlbəcər şəhərinin
ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər nəzərdə
tutulmuşdu. Yeni inkişaf konsepsiyasına uyğun olaraq, 2040-cı
ilədək şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17
min nəfərə çatdırılması planlaşdırılır. Baş plana əsasən, şəhərdə
4250 mənzilin tikilməsi və əhalinin adambaşına 25 kvadratmetr
yaşayış sahəsi ilə təmin olunması nəzərdə tutulur. Yaşayış fondunun
əsas hissəsini fərdi evlər təşkil edəcək. Bununla yanaşı, şəhərin
mərkəzində çoxmənzilli yaşayış və inzibati binalar inşa olunacaq.
Sosial infrastruktur da diqqətdən kənarda qalmayıb. Plana əsasən,
Kəlbəcərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya
mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə
obyektləri və idman meydançaları yaradılacaq. Şəhərin ekoloji
mühitinin qorunması da Baş planın əsas istiqamətlərindəndir. Ümumi
ərazinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması, 60
hektardan artıq ərazidə parkların və yaşıllıq zolaqlarının
salınması nəzərdə tutulur. Bu göstərici adambaşına 33 kvadratmetr
yaşıllıq sahəsi deməkdir. Nəqliyyat infrastrukturu da müasir
şəhərsalma prinsipləri əsasında qurulacaq. Şəhərdə 27 kilometrdən
artıq avtomobil yolu və 22 kilometr velosiped yolu salınması
planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış
proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və
dayanıqlı şəkildə doğma torpaqlarına qayıtmasını təmin etməkdir.
Kəlbəcərdə də bu istiqamətdə yaşayış komplekslərinin və kəndlərin
yenidən qurulması davam edir. Şəhərdə 524 ailə üçün nəzərdə tutulan
yaşayış məhəlləsinin inşası bu baxımdan mühüm layihələrdəndir. 19,5
hektar ərazidə salınan kompleksin birinci mərhələsində 201 ailənin
məskunlaşması üçün yaşayış binaları və fərdi evlər inşa edilib.
İkinci mərhələdə isə daha 323 ailənin köçürülməsi nəzərdə tutulur.
Kompleksdə çoxmənzilli yaşayış binaları ilə yanaşı, “townhouse”
tipli evlər də tikilir. Ərazidə parkların, istirahət guşələrinin,
sosial-məişət obyektlərinin, uşaq oyun və idman meydançalarının
yaradılması planlaşdırılır. Kəlbəcər rayonunun kəndlərinin yenidən
qurulması da paralel şəkildə həyata keçirilir. Yanşaq kəndində
ümumilikdə 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində
isə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Hər üç yaşayış
məntəqəsində fərdi evlərlə yanaşı, məktəb və uşaq bağçalarının
tikintisi də planlaşdırılıb. 2026-cı il noyabrın 6-dək Kəlbəcər
rayonunda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük
Qayıdış prosesinin davam etdiyini və uzun illər doğma yurdlarından
ayrı düşmüş insanların mərhələli şəkildə öz evlərinə qayıtdığını
göstərir.
Kəlbəcərin yenidən qurulması yalnız yaşayış evlərinin və sosial
obyektlərin inşası ilə məhdudlaşmır. Rayonun zəngin iqtisadi
potensialından istifadə, enerji təhlükəsizliyinin gücləndirilməsi,
turizmin inkişafı və yeni iş yerlərinin yaradılması da əsas
prioritetlər sırasındadır. Bu baxımdan Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolunun xüsusi əhəmiyyəti var. Uzunluğu 82 kilometr olan
yolun tikintisi bölgənin nəqliyyat əlçatanlığını əhəmiyyətli
dərəcədə artıracaq. Layihə çərçivəsində ümumi uzunluğu 25,9
kilometr olan beş tunelin inşası nəzərdə tutulub. Yolun ən mühüm
hissələrindən biri Murovdağ tunelidir. Uzunluğu 11,7 kilometr olan
tunel Kəlbəcərə gediş-gəlişi daha rahat və təhlükəsiz edəcək.
Layihənin tam reallaşması bölgənin digər rayonlarla nəqliyyat
əlaqələrinin möhkəmlənməsinə və turizm potensialının inkişafına da
töhfə verəcək. Kəlbəcərin enerji potensialının istifadəsi də diqqət
mərkəzindədir. Rayonda bir neçə kiçik su elektrik stansiyası
yenidən qurulub və yeni stansiyalar tikilib. “Çıraq-1”, “Çıraq-2”,
“Soyuqbulaq”, “Meydan”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd”
stansiyaları bu istiqamətdə görülən işlərin nümunələridir. Bu
layihələr bölgənin elektrik enerjisi ilə təminatına, eyni zamanda
bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə
xidmət edir. Kəlbəcərin ən böyük təbii sərvətlərindən biri isə
mineral su ehtiyatlarıdır. Xüsusilə “İstisu” mineral suyu uzun
illərdir Azərbaycanın tanınmış təbii sərvətlərindən hesab olunur.
Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən termal
su yataqlarından əldə edilən su təbii halda 60 dərəcədən yüksək
temperaturda çıxır. 2022-ci il iyunun 26-da təməli qoyulan “İstisu”
mineral su zavodunun tikintisi 2024-cü ildə başa çatdırılıb.
Müəssisənin illik istehsal gücü 100 milyon şüşədən artıqdır.
Zavodda təxminən 100 nəfər işlə təmin edilib və əməkdaşların
əksəriyyətini Kəlbəcər və Laçın rayonlarının sakinləri təşkil edir.
Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən
qurulması da bölgənin turizm potensialının reallaşdırılması
baxımından mühüm əhəmiyyət daşıyır. Ümumi sahəsi 80 min kvadratmetr
nəzərdə tutulan kompleksdə hotel, kotteclər və inzibati binalar
inşa edilir. Burada mineral sularla müalicə, palçıq terapiyası və
iqlim müalicəsi xidmətlərinin göstərilməsi planlaşdırılır. Bu
layihələrin həyata keçirilməsi Kəlbəcərin gələcəkdə Azərbaycanın
mühüm turizm, sağlamlıq və istirahət mərkəzlərindən birinə
çevrilməsi üçün geniş imkanlar yaradır.
Kəlbəcərin azad olunmasından ötən müddət ərzində rayonda həyata
keçirilən layihələr göstərir ki, dövlətin qarşısında duran əsas
məqsəd yalnız əraziyə nəzarəti bərpa etmək deyil, həm də burada
müasir yaşayış və iqtisadi inkişaf mühiti formalaşdırmaqdır. Bu gün
Kəlbəcərdə yollar çəkilir, tunellər inşa olunur, yaşayış
məhəllələri salınır, məktəblər, xəstəxanalar və digər sosial
obyektlər tikilir. Eyni zamanda bölgənin təbii sərvətləri iqtisadi
dövriyyəyə qaytarılır, enerji və turizm infrastrukturu yaradılır,
sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir. 25 noyabrın
Kəlbəcər şəhəri günü kimi qeyd olunması da məhz bu tarixi prosesin
rəmzi mahiyyətini ifadə edir. Bu tarix bir tərəfdən 1993-cü ildə
yaşanan faciənin və uzun illər davam edən məcburi köçkünlük
həyatının yaddaşda saxlanılması, digər tərəfdən isə 2020-ci ildə
əldə edilən Zəfərin nəticələrinin gələcək nəsillərə ötürülməsi
baxımından mühüm əhəmiyyət daşıyır.Kəlbəcər artıq müharibənin və
işğalın yaratdığı dağıntılarla deyil, yeni yolları, yaşayış
kompleksləri, enerji layihələri, turizm imkanları və doğma
torpaqlarına qayıdan insanları ilə gündəmə gəlir. Bu mənada
Kəlbəcərin hekayəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
həyata keçirilən bərpa və quruculuq siyasətinin, tarixi torpaqlara
qayıdışın və milli iradənin təcəssümüdür. 25 noyabr – Kəlbəcərin
azadlıq, qayıdış və yenidən doğuluş günüdür.
Sevil Mikayılova
Milli Məclisin deputatı