İtkin düşmüş şəxslərin identifikasiyası üzrə mütəxəssislərə DNT təlimi keçirilib

Cəmiyyət Press-reliz 25 Noyabr 2026 12:56 (UTC +04:00)
İtkin düşmüş şəxslərin identifikasiyası üzrə mütəxəssislərə DNT təlimi keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı və insan qalıqlarının identifikasiyası prosesində iştirak edən mütəxəssislər üçün məhkəmə-genetik DNT analizi və DNT sübutlarına dair dördgünlük ixtisaslaşmış təlim kursu təşkil olunub.

Təlim Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi ilə DTX-nin Hərbi-Tibb baş idarəsində keçirilib.

Dövlət Komissiyasının tərkibinə daxil olan dövlət qurumlarının və struktur bölmələrinin mütəxəssislərinin iştirak etdiyi kurs molekulyar biologiya, tibbi genetika və məhkəmə genetikası sahəsində ixtisaslaşmış alim, Böyük Britaniyanın “Genecode Diagnostics” şirkətinin elmi direktoru, doktor Andrey Semixodski tərəfindən xüsusi hazırlanmış proqram əsasında aparılıb.

Qeyd edək ki, Andrey Semixodski cari il oktyabrın 7-10-da Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusunda təşkil olunan IV Beynəlxalq Konfransda da iştirak edib. Onun ixtisaslaşmış təlim keçirmək üçün Azərbaycana dəvət edilməsi konfrans zamanı qurulan peşəkar əlaqələrin davam etdirilməsi və beynəlxalq əməkdaşlığın praktiki müstəvidə inkişafı baxımından əhəmiyyət daşıyır.

Dörd əsas tematik istiqaməti əhatə edən tədris proqramında DNT sübutlarının tarixi və tətbiq sahələri, insan DNT-sinin məhkəmə-genetik analizinin müasir üsul və texnologiyaları, genetik məlumat bazalarından istifadəyə dair beynəlxalq təcrübə, DNT sübutlarının interpretasiyası və statistik qiymətləndirilməsi, eləcə də mürəkkəb ekspertiza hallarında yaranan problemlər və onların həlli yolları ətraflı nəzərdən keçirilib.

Kurs çərçivəsində müasir elmi yanaşmalar, qabaqcıl beynəlxalq təcrübə və mürəkkəb genetik ekspertizaların aparılmasına dair praktiki biliklər vahid proqram əsasında iştirakçılara təqdim olunub. İnsan qalıqlarının identifikasiyası, qohumluq əlaqələrinin müəyyən edilməsi, deqradasiyaya uğramış DNT nümunələrinin tədqiqi, ekspertiza nəticələrinin düzgün şərhi, onların elmi əsaslılığının və etibarlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim müddətində iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Kursun sonunda iştirakçılara təlimi başa vurmalarını təsdiq edən xüsusi sertifikatlar təqdim edilib.

Dövlət Komissiyası Azərbaycan vətəndaşlarının axtarışı, insan qalıqlarının aşkar edilməsi, ekshumasiyası, rekonstruksiyası və identifikasiyası proseslərinə bilavasitə cəlb olunan mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirir.

Bu məqsədlə mütəmadi olaraq beynəlxalq konfranslar, ixtisaslaşmış təlim kursları, elmi-praktiki seminarlar, işçi görüşlər və digər tematik tədbirlər təşkil olunur. Dünyanın müxtəlif ölkələrindən beynəlxalq səviyyədə tanınmış alimlər, nüfuzlu ekspertlər və yüksək ixtisaslı mütəxəssislər Azərbaycana dəvət edilirlər.

Həmin tədbirlər peşəkar əlaqələrin genişləndirilməsinə, qarşılıqlı bilik və təcrübə mübadiləsinə, xarici mütəxəssislərin potensialından səmərəli istifadəyə, onların sonrakı mərhələlərdə ixtisaslaşmış təlimlərə və ekspert məsləhətləşmələrinə cəlb edilməsinə, əldə olunan bilik və bacarıqların praktiki fəaliyyətdə tətbiqinə şərait yaradır.

Bununla yanaşı, Dövlət Komissiyasının tərkibinə daxil olan aidiyyəti qurum və struktur bölmələrinin mütəxəssislərinin xarici ölkələrdə keçirilən beynəlxalq təlimlərdə, ixtisasartırma kurslarında və təcrübə mübadiləsi proqramlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər müasir elmi-texnoloji nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin milli praktikaya inteqrasiyasına, beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş yeni protokolların tətbiqinə, mövcud iş metodlarının təkmilləşdirilməsinə, tədqiqat və ekspertizaların keyfiyyətinin, dəqiqliyinin və etibarlılığının artırılmasına xidmət edir.

Bu tədbirlərin başlıca məqsədi itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, insan qalıqlarının aşkar edilməsi və identifikasiyası proseslərini sürətləndirmək, şəxsiyyəti müəyyən edilmiş insan qalıqlarını ailələrinə təhvil vermək, onların layiqli şəkildə, bütün müvafiq ehtiram göstərilməklə, dini ayinlərə və milli-mənəvi dəyərlərə uyğun dəfn olunmasını təmin etməkdir.

Eyni zamanda, görülən işlər beynəlxalq humanitar hüquqla təsbit edilmiş ailələrin itkin düşmüş doğmalarının taleyini bilmək hüququnun təmin edilməsinə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti