Bakı. Trend:
Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Nazir özünün "X" sosial şəbəkə hesabında ziyarətlə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub:
"Bakıda "Qara Yanvar" qurbanlarının xatirəsini yad etməkdən şərəf duyuram. Ölkələrinin gələcəyi uğrunda həyatlarını qurban verənlərin xatirəsini ehtiramla anırıq.
Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyünün və qətiyyətinin əbədi rəmzi olaraq qalır.
Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərin əks-səda doğurur. Xalqlarımız azadlıq və suverenlik uğrunda mübarizənin formalaşdırdığı ortaq tarixə malikdir. Biz bu böyük fədakarlığı göstərənləri xatırlayır və onların bizə miras qoyduğu irsə ehtiram göstəririk".
