Bakı. Trend:
İranda enerji istehlakının xərcləri çox yuxarıdır və ildə təxminən 150 milyard dollar vəsait enerji istehlakına xərclənir.
İran Prezidentinin rəsmi informasiya portalının məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian çərşənbə günü (25 noyabr) şimal-şərqdə yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində Firdovsi Universitetində çıxışı zamanı deyib.
“Həmin vəsaitin hətta 10%-nə qənaət edilməsi əhalinin rifahının yaxşılaşdırılmasına və ölkənin problemlərinin həllinə böyük həcmdə vəsait yönəltməyə imkan verə bilər”, - deyə o qeyd edib.
Pezeşkian bildirib ki, ölkədə enerjiyə qənaət üzrə böyük imkan var. İstehlak örnəyini dəyişməklə bəzi sahələrdə enerji istehlakına 30-40% qənaət etmək olar. Çünki naməlum şəkildə istehlak ölkənin milli ehtiyatlarını məhv etməklə yanaşı ətraf mühitə də zərbə vurur.
“Hökumətin vətəndaşlara hazırkı dəstəyinin yetərli olmadığı aydındır. Hökumətin dəstəyinin artırılması üçün həll yolları tapılmalıdır. Bu həll yollarından biri ölkənin ehtiyatlarının düzgün şəkildə istifadə olunması, istehlakda qənaət, qənaətdən əldə olunan vəsaitin əhalinin məişət durumunun yaxşılaşmasına yönəldilməsidir. Bu istiqamətdə universitetlər effektiv rola sahib ola bilərlər”, -deyə o qeyd edib.
Qeyd edək ki, İranda qaz istehsalı illik 297 milyard kubmetr təşkil edirdisə, ABŞ və İsrailin İrana hərbi hava hücumlarından sonra bu istehsal illik 242 milyard kubmetrə enib. Yəni ölkənin infrastrukturlarının zədələnməsi nəticəsində qaz istehsalı illik 55 milyard kubmetr azalıb. İranda sözügedən hücumlardan öncə qaz istehlakında illik 45 milyard kubmetr qaz çatışmazlığı mövcud idi. Bu hücumlardan sonra ölkənin qaz çatışmazlığı ildə 100 milyard kubmetrə yüksəlib.
