Bakı. Trend:
Prezident İlham Əliyev ixracda hesablaşmaların aparılma qaydalarının təkmilləşdirilməsi və hesablaşmalara nəzarət prosedurlarının optimallaşdırılması məqsədilə İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin ixracatçıların Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi barədə təkliflərini bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan qaydalar qüvvəyə mindiyi tarixdən doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin “b” və “q” bəndlərinə uyğun olaraq, yucarıdakı bənddə təqdim olunan təkliflər nəzərə alınmaqla, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”ının preambulasına aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:
“Bu Qaydalarda istifadə olunan anlayışlar gömrük qanunvericiliyində müəyyən olunmuş mənaları ifadə edir".
Fərmana əsasən, sərhədyanı ticarət, müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə yerli ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün şəxslər tərəfindən Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə qeyri-rezidentlərlə həyata keçirilə bilər.
Bundan başqa, şəxslər tərəfindən xarici ölkələrə mal ixracı ilə bağlı hesablaşmalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) müəyyən etdiyi qaydalara uyğun olaraq aparılacaq.
Dəyişikliyə əsasən, ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların “İntellektual gömrük” informasiya sistemi (bundan sonra – İGİS) vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edir.
Sənədə əsasən, müvəkkil banklar ixrac müqavilələri üzrə ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin şəxslərin müvəkkil bankdakı hesablarına daxil olması, habelə vaxtında köçürülməməsi barədə məlumatı 3 (üç) iş günü ərzində İGİS vasitəsilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürməlidirlər.
