TRACECA Orta Dəhlizi “yaşıl” yükdaşımalar üzrə pilot layihəyə təklif edib

İqtisadiyyat Xəbər 25 Noyabr 2026 17:19 (UTC +04:00)
TRACECA Orta Dəhlizi “yaşıl” yükdaşımalar üzrə pilot layihəyə təklif edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Qlobal “Yaşıl” Yük Dəhlizlərinin yaradılması Təşəbbüsünün (GGFCI) ikinci mərhələsinə Orta Dəhlizin pilot marşrut kimi daxil edilməsini təklif edib.

TRACECA-nın məlumatında bildirilir ki, bu təklif təşkilatın Daimi Katibliyinin baş katibi Jasurbek Çoriyev tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən və sözügedən təşəbbüsün fəaliyyətə başlamasına həsr olunmuş tematik sessiyada irəli sürülüb. Tədbir 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçirilib.

Tədbir Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə baş tutub. Sessiyanın moderatoru Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu olub.

Çıxışı zamanı Jasurbek Çoriyev Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyəni Avropa ilə birləşdirən Orta Dəhlizin artıq dəmir yolu, avtomobil və dəniz daşımalarını vahid nəqliyyat zəncirində birləşdirdiyini qeyd edib.

Onun sözlərinə görə, bu marşrut üzrə karbon izinin azaldılması birbaşa sərhədlərdəki gecikmələrin aradan qaldırılmasından və tranzitin sürətləndirilməsindən asılıdır.

Bu istiqamətdə TRACECA tərəfdaşları ilə birlikdə Avropa ilə Mərkəzi Asiya arasında yüklərin çatdırılma müddətinin 15-18 günə qədər azaldılması, e-CMR, eTIR və elektron dəmir yolu yük qaimələri əsasında Rəqəmsal Dəhliz Sazişinin hazırlanması, həmçinin Orta Dəhlizin Səmərəlilik İndeksinin və İnvestisiyalara Dəstək Ofisinin yaradılması üzərində işləyir.

Bundan əlavə, baş katib TRACECA Daimi Katibliyinin GGFCI-nin Koordinasiya Qrupunun tematik tərəfdaşı kimi çıxış etməyə, UNECE və UNESCAP ilə birlikdə Orta Dəhlizin ekoloji transformasiyası üzrə yol xəritəsi hazırlamağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu vəzifələrin praktiki icrasına TRACECA Biznes Şurası vasitəsilə özəl sektorun cəlb edilməsi nəzərdə tutulur.

COP31 çərçivəsində Jasurbek Çoriyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə ikitərəfli görüş də keçirib.

Tərəflər Orta Dəhlizdə ekoloji cəhətdən dayanıqlı nəqliyyatın inkişafını, biznes dairələrinin TRACECA Biznes Şurasının fəaliyyətinə cəlb edilməsini, həmçinin 2027-2036-cı illəri əhatə edəcək yeni təşkilat strategiyası layihəsinin hazırlanmasını müzakirə ediblər. Yeni strategiyada dekarbonizasiya və rəqəmsallaşma ilə bağlı qeyd olunan təşəbbüslərin birləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, Jasurbek Çoriyev təşkilatın səmərəliliyinin artırılmasına və dayanıqlı nəqliyyat əlaqələrinin inkişafında rolunun gücləndirilməsinə yönəlmiş TRACECA-nın davam edən institusional islahatlarına dəstək göstərilməsi üçün Türkiyə tərəfinə müraciət edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti