Bakı. Trend:
Noyabrın 25-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə
səfərdə olan Litva Respublikasının xarici işlər naziri Kestutis
Budris ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər arasında
baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüş zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin inkişaf
perspektivləri, habelə cari regional və beynəlxalq gündəmin bir
sıra aktual məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Litva arasında qarşılıqlı
hörmət və maraqlara əsaslanan tərəfdaşlığın dinamik inkişafının
məmnunluq doğurduğunu bildirib. İki ölkə arasında münasibətlərin
inkişafında ali və yüksək səviyyəli təmasların, xüsusilə bu ay
Dublində Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində iki
ölkə Prezidentləri arasında baş tutmuş görüşün mühüm əhəmiyyəti
vurğulanıb.
Həmçinin cari ilin iyun ayında Vilnüsdə sonuncu raundu keçirilmiş
iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi
məsləhətləşmələr mexanizminin, parlamentlərarası əlaqələrin və
İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti
iclasının keçirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda,
mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti
diqqətə çatdırılıb.
Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə
Litva Respublikası Hökuməti arasında Strateji Tərəfdaşlığa dair
Birgə Bəyannamə”nin ikitərəfli əlaqələrin inkişafında mühüm rol
oynayacağı vurğulanıb.
Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlar və çoxtərəfli
platformalar çərçivəsində konstruktiv dialoqun, koordinasiyanın və
namizədliklərin qarşılıqlı dəstəklənməsi praktikasının davam
etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan-Avropa İttifaqı
münasibətləri kontekstində Litvanın 2027-ci ilin ilk yarısında
Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi dövründə bir sıra
istiqamətlər üzrə səylər barədə də fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində iqtisadi və ticarət əlaqələrində mövcud
potensialın tam reallaşdırılması üçün əlavə səylərin zəruriliyi,
Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin bu əməkdaşlıq
üçün mühüm əsas yaratdığı bildirilib və səfər çərçivəsində
keçiriləcək biznes forumun işgüzar əlaqələrin genişləndirilməsinə
mühüm töhfə verəcəyi qeyd olunub. Kənd təsərrüfatı və aqrar-sənaye,
enerji, sənaye, informasiya-kommunikasiya texnologiyaları,
kibertəhlükəsizlik, innovasiyalar sahələrində əməkdaşlığın
dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin Bakı vasitəsilə
Xəzər regionunu Baltikyanı ölkələr və Avropa bazarları ilə
birləşdirən marşrut kimi əhəmiyyəti, bu çərçivədə Litvanın liman və
dəmir yolu infrastrukturu ilə əlaqələrin inkişaf perspektivləri
vurğulanıb.
Həmçinin humanitar, təhsil və turizm sahələrində təmasların, o
cümlədən Litvada yüzlərlə azərbaycanlı tələbənin təhsil almasının,
universitetlərarası əlaqələrin genişləndirilməsinin, eləcə də
şəhərlər və regionlar arasında əlaqələrin qurulmasının faydalı
olduğu bildirilib.
Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə
bölgədə mövcud vəziyyət və reallıqlar, eləcə də
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi
barədə ətraflı məlumatlandırıb.
Litva tərəfinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası
və iqtisadi fəaliyyətin canlandırılması istiqamətində həyata
keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verilib və Litva
şirkətləri Ələt Azad İqtisadi Zonasında, eləcə də Ağdam və Cəbrayıl
sənaye parklarında yaradılmış imkanlardan daha geniş şəkildə
yararlanmağa dəvət olunub. Bu çərçivədə, Litvanın Dominare
şirkətinin Araz Vadisi İqtisadi Zonasında irimiqyaslı mebel
istehsalı sahəsində müəssisə qurması məmnunluqla qeyd olunub.
Eyni zamanda, mina və partlamamış hərbi sursatların yaratdığı
humanitar problemlər xüsusi vurğulanaraq, bu təhlükənin bərpa
işlərinə və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışına
əsas maneə olduğu bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.
Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat
konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin
suallarını cavablandırıblar.
