Bakı. Trend:
Səkkiz il ərzində bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsində çalışmış Qari Cons uzun məsafəli bərpaolunan enerji ötürülməsi layihələri hazırlayan "Xlinks" şirkətinə məsləhətçi təyin olunub.
Bu barədə "Xlinks" şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, Cons bp-də 40 ildən artıq çalışıb. O, son səkkiz il ərzində Bakıdan fəaliyyət göstərərək regionun hökumətləri və tərəfdaşları ilə sıx əməkdaşlıq edib. Bundan əvvəl bp-nin qlobal qazma, quyuların tamamlanması və quyu əməliyyatları üzrə fəaliyyətinə rəhbərlik edib. Həmçinin İraq, Rusiya, Şimal dənizi və Meksika körfəzində rəhbər vəzifələrdə çalışıb.
"Xlinks"də Cons şirkətin Xəzər regionu və Cənubi Qafqaz üzrə strategiyasına dair məsləhətlər verəcək. Şirkət bu regionları uzun məsafəli bərpaolunan enerji ötürülməsi layihələrinin inkişafı baxımından prioritet hesab edir.
“Dərin və son dərəcə aktual enerji təcrübəsi ilə yanaşı, Qari Cons insan amilinə önəm verən, təcrübəli biznes rəhbəridir və "Xlinks"in fəaliyyət prinsiplərinə uyğun dəyərləri bölüşür. Biz hesab edirik ki, enerji keçidi bərpaolunan enerjinin ən yaxşı mənbələrini elektrik enerjisinə ehtiyacı olan ərazilərlə birləşdirən uzun məsafəli ötürmə xətlərinin yaradılmasını tələb edir. Xəzər regionu və Cənubi Qafqaz bizim üçün prioritet istiqamətlərdir. Regionun enerji sektorunu və onun Avropanın enerji təhlükəsizliyində artan rolunu Qari Cons qədər yaxşı tanıyan və anlayan çox az adam var”, – deyə "Xlinks"in baş icraçı direktoru Ceyms Hamfri bildirib.
Qari Cons isə uzun məsafəli enerji ötürmə xətlərinin etibarlı, əlçatan və ekoloji cəhətdən təmiz enerji təchizatının təmin edilməsində mühüm rol oynaya biləcəyini qeyd edib.
“Xəzər regionu və Cənubi Qafqaz böyük potensiala malikdir. "Xlinks" komandası ilə işləməyi və bu baxışın həyata keçirilməsi üçün zəruri tərəfdaşlıqların qurulmasında regiondakı iş təcrübəmdən istifadə etməyi səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, bu təyinat noyabrın 12-də Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasından qısa müddət sonra baş tutub. Sənəddə iki ölkə arasında 30 ildən artıq enerji əməkdaşlığına əsaslanan münasibətlərin inkişafı çərçivəsində təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Qari Cons da bu əməkdaşlığın inkişafında mühüm rol oynayıb.
