Bakı. Trend:
Bölgədə xarici qüvvələrin istənilən iştirakı stabilliyə və təhlükəsizliyin bərpasına kömək etməyəcək, üstəlik gərginliyin artması və kəskinləşməsinə səbəb olacaq.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi cümə axşamı (26 noyabr) Cənubi Koreya xarici işlər naziri Ço Hyun ilə telefon söhbətində deyib.
Regionda sülh və sabitliyin qorunması üçün diplomatik səy və təşəbbüslərin son vəziyyətini açıqlayan Əraqçi İranın regionda sülhün bərpa olunması çərçivələri haqda mövqeyini bəyan edib.
Telefon söhbətində Cənubi Koreya xarici işlər naziri Ço Hyun da ölkəsinin regional sülh və sabitliyi dəstəklədiyini qeyd edib və bildirib ki, Cənubi Koreyanın müharibədə heç bir müdaxilə etmək niyyəti olmayıb və regiona hərbi qüvvə ezam etmək planı yoxdur.
Hyun hazırkı gərginlik və müharibəyə son qoyulması üçün dicn həll yoluna şərait yaranacağına ümid edib.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
