Bakı. Trend:
23–26 noyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov növbəti Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələrində iştirak etmək məqsədilə Avstraliyaya səfər edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, genişləndirilmiş
formatda keçirilən siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən
“AzərGold” QSC-nin və AR İqtisadiyyat Nazirliyi yanında Kiçik və
Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi
Agentliyinin nümayəndələri də iştirak ediblər.
Siyasi məsləhətləşmələr çərçivəsində Elnur Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyəti Avstraliyanın Xarici İşlər və Ticarət
Departamentinin (DFAT) nümayəndələri ilə görüşüb. Görüşdə
Azərbaycan-Avstraliya münasibətlərinin cari vəziyyəti və inkişaf
perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ikitərəfli
əməkdaşlığın müxtəlif istiqamətləri, habelə qarşılıqlı maraq
doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Səfər çərçivəsində Avstraliya Federal Parlamentinin Nümayəndələr
Palatasının sədri Milton Dick, Avstraliya-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri və üzvləri, eləcə də
müxalifətin xarici işlər üzrə kölgə naziri Ted O’Brien və iqlim
dəyişikliyi və energetika üzrə kölgə naziri Dan Tehan ilə görüşlər
keçirilib. Görüşlərdə parlamentlərarası əlaqələrin
genişləndirilməsi, qarşılıqlı təmasların intensivləşdirilməsivə
ikitərəfli əməkdaşlığın inkişafında parlament diplomatiyasının rolu
müzakirə olunub.
Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su
Resursları Departamentinin (DCCEEW) və Avstraliya Birliyinin Elmi
və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) nümayəndələri ilə
keçirilən dəyirmi masada bərpa olunan enerji, müasir texnologiyalar
və mədən sənayesi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq
imkanları müzakirə edilib.
Avstraliya Ticarət və İnvestisiya Komissiyasının (Austrade)
nümayəndələri ilə keçirilən dəyirmi masada isə Azərbaycan -
Avstraliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi,
investisiya imkanları və iki ölkənin işgüzar dairələri arasında
birbaşa əlaqələrin təşviqi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb. Dəyirmi masa görüşləri çərçivəsində Azərbaycan tərəfdən
AR İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı,
İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və “AzərGold”
QSC-innümayəndələri müvafiq təqdimatlar ediblər.
Kanberra İnnovasiya Şəbəkəsinin (CBRIN) nümayəndələri ilə görüşdə
Avstraliya Paytaxt Ərazisində innovasiya və sahibkarlıq
ekosisteminin inkişafı üzrə təcrübə ilə tanışlıq olub.
Universitetlər, tədqiqat institutları, dövlət qurumları və biznes
sektoru arasında əməkdaşlığın təşviqi, innovativ ideyaların biznes
layihələrinə və startaplara çevrilməsi, eləcə də yeni
texnologiyaların kommersiyalaşdırılması mexanizmləri müzakirə
edilib.
Yeni Cənubi Uels ştatına səfər çərçivəsində Elnur Məmmədov ştatın
Qanunvericilik Şurasının prezidenti Bencamin Franklin ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Yeni Cənubi Uels arasında əlaqələrin
inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Ştatın İllavarra regionuna səfər zamanı nümayəndə heyəti Vollonqonq
Universitetinin İnnovasiya Kampusunda olub. Nümayəndə heyəti burada
universitetin innovasiya ekosistemi, elmi tədqiqat nəticələrinin
kommersiyalaşdırılması, startapların inkişafına dəstək, habelə
universitet, sənaye və dövlət qurumları arasında əməkdaşlıq
mexanizmləri ilə tanış olub. Vollonqonq şəhərinin meri xanım Tanya
Braun, Vollonqonq Universitetinin Vitse-kansler və Prezidenti Max
Lu AO, eləcədə İllavarra regionunun işgüzar dairələrinin
nümayəndələri ilə görüşlərdə regionun innovasiya ekosisteminin
inkişafı və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
