Bakı.Trend:
2026-cı ilin ilk doqquz ayının yekunlarına görə, Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 108,3 milyon dollar təşkil edib.
Vilayət akimatlığının məlumatına görə, bu göstərici Qərbi Qazaxıstan vilayətinin akimi Nariman Tureqaliyevin Azərbaycanın baş konsulu Ayxan Süleymanlı ilə görüşündə açıqlanıb.
İxracın həcmi 105,9 milyon dollar, idxalın həcmi isə 2,4 milyon dollar təşkil edib.
Görüş zamanı tərəflər ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
N.Tureqaliyev qeyd edib ki, Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Onun sözlərinə görə, gələcək əməkdaşlıq üçün perspektivli istiqamətlər neft-qaz sənayesi, maşınqayırma, tikinti sənayesi və aqrar-sənaye kompleksidir.
"Qərbi Qazaxıstan vilayəti əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində yüksək tranzit potensialına malikdir. Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində və yeni birgə investisiya layihələrinin həyata keçirilməsində maraqlıyıq", - deyə Tureqəliyev bildirib.
A.Süleymanlı isə öz növbəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
"Son beş ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi beş dəfə artıb. Növbəti hədəf bu göstəricini 1 milyard dollara çatdırmaqdır. Baş konsulluq regionlararası əməkdaşlığın inkişafına və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə fəal dəstək göstərməyə hazırdır", - deyə Süleymanlı bildirib.
Bundan əlavə, baş konsul qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində 2024-cü ildə Füzuli şəhərində açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki xalqın qardaşlığının və birliyinin rəmzinə çevrilib.
Görüşdə Uralsk və Mingəçevir şəhərləri arasında qardaşlaşma əlaqələrinin gələcək inkişafına da xüsusi diqqət yetirilib.
Akimatlığın məlumatına görə, Qərbi Qazaxıstan vilayətində Azərbaycan etnosunun 1 547 nümayəndəsi yaşayır. "Birlik" Azərbaycan etnomədəni birliyi ictimai həmrəyliyin möhkəmləndirilməsinə, milli mədəniyyətin təbliğinə və xeyriyyə təşəbbüslərinin həyata keçirilməsinə töhfə verir.
