Təhsil prosesində çətinliklərin səbəbini dərsliklərdə axtarmaq düzgün deyil - Zaur İsayev

Cəmiyyət Xəbər 26 Noyabr 2026 15:42 (UTC +04:00)
Təhsil prosesində çətinliklərin səbəbini dərsliklərdə axtarmaq düzgün deyil - Zaur İsayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Cəmiyyətdə valideynlər bəzən övladlarının çətinlik çəkməsinə ürəkləri yanaraq, bunun səbəbini kənar amillərlə əlaqələndirirlər.

Trend-in müxbiri xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “Dərsliklərin məzmunu” mövzusunda keçirilən təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, belə hallarda valideynlər problemin səbəbini tapşırıq verən müəllimdə, dərsliyin və ya məktəbin səviyyəsində axtarır, övladlarının öyrənmək üçün niyə bu qədər əziyyət çəkdiyini düşünürlər.

“Əslində, təhsil əziyyət tələb edir. Valideynlər çox güman ki, müəllimdən uşaqların niyə bu qədər əziyyət çəkdiyini soruşurlar. Müəllim isə müxtəlif arqumentlər arasında dərsliyi önə çəkir. Çünki dərslik hər kəsin evində olan və hamı üçün əlçatan materialdır. Bu baxımdan, məsuliyyəti dərsliyin üzərinə atmaq ən rahat variantdır. Halbuki dərsliklər beynin intellektual fəaliyyətinin çox mürəkkəb prosesinin nəticəsidir”.

Zaur İsayev bildirib ki, dərsliklərdə səhvlərin olması ehtimalı və onların yaranma səbəbləri əqli fəaliyyətin təbiəti ilə bağlıdır:

“Əqli proses təkmilləşməyə məhkumdur, əqli məhsul isə daim təkmilləşir. Dərslikdə səhvlərin qalıb-qalmaması onların növündən asılıdır. Məsələn, dəqiq fənlərdə, o cümlədən riyaziyyatda hər hansı bir misal səhvdirsə, bu, yanlışlıq kimi qəbul edilir. Çünki insan amili ilə bağlı texniki səhv baş verə bilər. Belə hallarda səhv etiraf olunur və düzəldilir.

Digər tərəfdən, bəzi iradlar əslində müəllif yanaşması ilə bağlıdır və bunların ciddi konseptual əsasları var. Mövzuların ardıcıllığı və hansı mövzunun hansı sinifdə təqdim olunması dərindən düşünülmüş konsepsiyaya əsaslanır və bunu səhv adlandırmaq olmaz. Məsələn, hər hansı əsərin və ya janrın müəyyən sinifdə verilməsi müəllifin şəxsi qərarı deyil. Bunun əsası təhsil proqramlarında, yəni kurikulumlarda dayanır. Müəllif məhz kurikulumlar əsasında fəaliyyət göstərir. Biliklərin əsasını və fundamentini Elm və Təhsil Nazirliyinin, əvvəllər isə Nazirlər Kabinetinin təsdiqlədiyi fənn kurikulumları təşkil edir. Hansı sinifdə nəyin öyrədilməli olduğunu kurikulum müəyyənləşdirir, müəlliflər isə bu bünövrə üzərində yaradıcılıqlarını tətbiq edərək birinci sinifdən on birinci sinfə qədər hansı metodikadan istifadə olunacağını müəyyənləşdirirlər. Nəticə etibarilə, hazır dərsliyi ortaya çıxarmaq müəllifin, onu şagirdə çatdırmaq isə müəllimlərin işidir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti