Bakı. Trend:
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” regional enerji əməkdaşlığına yeni təkan verəcək.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev Trend-ə açıqlamasında bildirib.
O xatırladıb ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılması başa çatıb və hazırda layihənin investisiya və tərəfdaşlıq imkanlarının reallaşdırılması istiqamətində işlər aparılır.
BOEMDA rəsmisinin sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri bu ilin iyul ayında Bakıda keçirilən 12-ci Nazirlər/Rəhbər Komitənin görüşündə təqdim olunub:
“Görüşdə İtaliyanın "CESI S.p.A." şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələrinə dair təqdimat dinlənilib. Oktyabrın 22-də Bakıda layihənin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu keçirilib. Forumda texniki-iqtisadi əsaslandırmanın nəticələri ilk dəfə beynəlxalq investorların, maliyyə institutlarının və biznes tərəfdaşlarının diqqətinə çatdırılıb”.
K.Hacıyev qeyd edib ki, indiyədək layihə üzrə Nazirlər/Rəhbər Komitənin 13 iclası keçirilib. Sonuncu iclas noyabrın 23-də Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutub.
O bildirib ki, layihənin Avropa enerji infrastrukturu sisteminə inteqrasiyası istiqamətində də mühüm addımlar atılıb:
“GECO şirkəti tərəfindən cari ildə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) prosesinə müraciət edilib. Müraciətin nəticəsi olaraq layihə qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısına daxil edilib. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin birinci və ikinci fazaları TYNDP 2026 layihə portfelində yer alıb”.
Agentliyin rəsmisi əlavə edib ki, GECO şirkəti layihəyə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihəsi (Project of Mutual Interest – PMI) statusunun verilməsi üçün Avropa Komissiyasına rəsmi müraciət təqdim edib.
İtaliya şirkətlərinin layihədə iştirakına toxunan K.Hacıyev bildirib ki, “CESI S.p.A.” texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında iştirak edib. Bundan başqa, oktyabrın 22-də Bakıda keçirilən forumda İtaliya şirkətləri də təmsil olunub.
Layihənin icra qrafikinə gəlincə, o vurğulayıb ki, ilkin plana əsasən, 2029-cu ildə yekun investisiya qərarının qəbul edilməsi nəzərdə tutulur:
“2032-ci ildə layihənin birinci mərhələsi üzrə 1,3 GVt ötürmə gücünə malik elektrik xəttinin istismara verilməsi planlaşdırılır. 2036-cı ildə ikinci mərhələnin, 2040-cı ildə isə üçüncü mərhələnin istismara verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda keçirilən forumda “Xəzər-Qara
dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi
əsaslandırmasının nəticələri beynəlxalq investorların, maliyyə
institutlarının və biznes tərəfdaşlarının diqqətinə təqdim olunub.
Tədbirdə layihənin investisiya cəlbediciliyi, biznes modeli,
maliyyələşdirmə imkanları, yeni tərəfdaşlıqların qurulması və yekun
investisiya qərarının (FID) qəbuluna hazırlıq müzakirə edilib.
Layihənin texniki-iqtisadi əsaslandırmasına əsasən, elektrik enerjisinin ötürülməsi infrastrukturuna 14,3 milyard avro investisiya tələb olunur. Sənəd 2026-cı ilin iyulunda tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə işlənib hazırlanma mərhələsindədir.
Araşdırmaya görə, dəhlizin ümumi ötürmə gücü 3,9 giqavat (GVt) olacaq. Hər birinin gücü 1,3 GVt olan üç elektrik xəttinin yaradılması nəzərdə tutulur. Layihənin daxili gəlirlilik normasının (IRR) 11,7% səviyyəsində qiymətləndirildiyi bildirilir.
Proqnozlara əsasən, dəhliz 2032-ci ildən Avropa İttifaqına ildə
8 teravatt-saat (TVt-saat) bərpaolunan elektrik enerjisi ötürə
biləcək. 2040-cı ildə bu göstəricinin 20 TVt-saata çatacağı
gözlənilir.
Texniki-iqtisadi əsaslandırmada enerji sistemində ötürmə
məhdudiyyətlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin
2032-ci ildən etibarən ildə 315 milyon avronu ötəcəyi
proqnozlaşdırılır. Layihənin 2040-cı ilədək karbon qazı
emissiyalarını ildə 3,6 milyon ton azaltmağa imkan verəcəyi də qeyd
olunur.
Elektrik xətlərinin mərhələli şəkildə istismara verilməsi ilə layihənin illik iqtisadi səmərəsinin artacağı gözlənilir. Birinci xəttin 2032-ci ildə istifadəyə verilməsindən sonra bu göstəricinin 860 milyon avro, 2036-cı ildə ikinci xəttin işə düşməsindən sonra isə 1,8 milyard avro olacağı proqnozlaşdırılır. Üçüncü xəttin 2040-cı ildə istismara verilməsi ilə illik iqtisadi səmərənin 3 milyard avronu ötəcəyi gözlənilir.
Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz
Şahbazov layihənin regional enerji təhlükəsizliyinin
gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl
keçid baxımından strateji əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, Azərbaycanın yaşıl enerjinin istehsalı,
ötürülməsi və ixracı üzrə regional mərkəzə çevrilməsi
strategiyasında layihə xüsusi yer tutur. Onun sözlərinə görə,
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son
səfəri zamanı təşəbbüsə siyasi dəstək bir daha ifadə olunub.
Layihənin Avropa elektrik şəbəkəsinin inkişafı üzrə Onillik
Şəbəkənin İnkişafı Planına (TYNDP) daxil edilməsi və Ortaq Maraqlar
Layihəsi (PMI) statusunun əldə olunması istiqamətində görülən
işlərin də investisiya perspektivlərini gücləndirdiyi
bildirilib.
Təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan dəhlizin
2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
Layihənin regionda ən azı 8 GVt gücündə bərpaolunan enerji
istehsalı imkanlarının inkişafına, 2040-cı ildən Avropaya ildə
təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə
və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına şərait
yarada biləcəyi gözlənilir.
Qara dənizdə 2 200 metrədək dərinlikdə sualtı elektrik kabellərinin çəkilməsi layihənin əsas texniki çağırışlarından biridir. Bu səbəbdən mürəkkəb dəniz şəraitində işlərin aparılması üçün qabaqcıl texnoloji həllərin tətbiqi nəzərdə tutulur. Layihənin kommersiya dayanıqlılığını təmin etmək məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin tətbiqi nəzərdən keçirilir. Modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanması planlaşdırılır.
Pərviz Şahbazov beynəlxalq maliyyə institutlarının və özəl
investorların iştirakının, etibarlı biznes modelinin və
uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına
hazırlıq üçün əsas şərtlər olduğunu bildirib.
“Məqsədimiz "Yaşıl Enerji Dəhlizi"ni aydın biznes modelinə,
dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici
şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir.
Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində
zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu
məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır”, – nazir qeyd
edib
Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və layihə üzrə yekun investisiya qərarının qəbuluna hazırlıq çərçivəsində növbəti addımlar razılaşdırılıb.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Təşəbbüs 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış strateji tərəfdaşlıq sazişi çərçivəsində yaradılıb. Layihənin hazırlanması ilə Buxarestdə qeydiyyatdan keçmiş Green Energy Corridor Power Company (GECO) birgə şirkəti məşğul olur. Şirkət dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsusdur. Azərbaycanı “AzərEnerji”, Gürcüstanı Georgian State Electrosystem, Rumıniyanı Transelectrica, Macarıstanı isə MVM təmsil edir. Hər bir iştirakçının şirkətdəki payı 25% təşkil edir.
Layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Onillik Şəbəkənin İnkişafı Planına 1248 və 1244 nömrələri ilə daxil edilib.
Layihənin növbəti mərhələsində icra planının hazırlanması, maliyyələşdirmə imkanlarının dəqiqləşdirilməsi və 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.
