Bakı. Trend:
Azərbaycanın Baş naziri Əli Əsədov Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə iki ölkə arasında əməkdaşlığın inkişafını və prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında həmin gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.
