Bakı.Trend:
Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirib.
"News.Ru" portalının məlumatına görə, bu barədə hərbi müxbir Aleksandr Kots “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, Moskva Kiyevə Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 250 hərbçisinin meyitini təhvil verib, əvəzində isə Rusiyanın 22 həlak olmuş hərbçisinin meyitini geri alıb.
“Bir qədər əvvəl meyitlərin təhvil verilməsi prosesi başa çatdı. Ukraynaya Ukrayna Silahlı Qüvvələrinin 250 hərbçisinin meyitini verdik, 22 həlak olmuş qəhrəmanımızı isə Vətənə qaytardıq”, – deyə müxbir yazıb.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının yaxın vaxtlarda baş tuta biləcək yeni əsir mübadiləsi üçün siyahılar hazırladığını bildirib. Tərəflər Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların son raundu zamanı əldə olunmuş razılaşmaları yerinə yetirirlər.
Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya ilə Ukrayna arasında genişmiqyaslı hərbi əsir mübadiləsinin dekabrın sonunadək həyata keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Hazırlıq işləri ABŞ-nin iştirakı ilə aparılır.
