Bakı.Trend:
Dərsliklərdəki mətnlərin uyğunlaşdırılması plagiat hesab edilə bilməz.
Trend-in müxbiri verir ki, bu barədə riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, dərsliklərə daxil edilən mətnlər müəyyən pedaqoji və metodik tələblərə cavab verməlidir. Bu səbəbdən bədii əsərlərin seçilməsi ilə yanaşı, onların şagirdlərin yaş səviyyəsinə və tədris məqsədlərinə uyğunlaşdırılması da vacibdir.
“Müzakirə predmetinə çevrilən bəzi mətnlərin əsasında müxtəlif ölkələrdə yayılan hadisə və süjetlər dayanır. Yazıçılar həmin süjetləri bədii şəkildə işləyərək obrazlar, xarakterlər və əlavə detallar vasitəsilə əsərə çevirirlər”.
O, Braziliyada yaşayan yazıçı ilə əlaqə yaradıldığını və həmin şəxsin də süjeti başqa mənbədən eşitdiyini bildirdiyini söyləyib.
Zaur İsayevin sözlərinə görə, bu cür mətnlərin dərsliklərdə istifadəsini birbaşa plagiat kimi qiymətləndirmək düzgün deyil. Mətnlər tədris məqsədinə uyğunlaşdırılaraq şagirdlər üçün daha anlaşıqlı və maraqlı formaya salınır.
