“Alliance Multimodal” vaqon parkını genişləndirəcək

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 17:33 (UTC +04:00)
“Alliance Multimodal” vaqon parkını genişləndirəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

“Alliance Multimodal” şirkəti dəmir yolu vaqonlarının alınmasına və logistika infrastrukturunun inkişafına investisiyaları artırmağı planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə axşamı Bakıda keçirilən 2026-cı il Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş forumda “Alliance Multimodal & Alliance Logistics” şirkətinin baş direktoru Natiq Cəfərov bildirib.

Onun sözlərinə görə, şirkətin artıq öz dəmir yolu vaqon parkı var və gələn il bu parkın genişləndirilməsinə investisiyaları artırmağı planlaşdırır.

“Vaqonların alınması ilə yanaşı, “Alliance Multimodal” dəniz daşımalarına və digər ölkələrdə, xüsusilə Gürcüstanda liman infrastrukturunun inkişafına investisiya yatırır.

Orta Dəhlizin hərtərəfli inkişafı üçün Azərbaycan və Gürcüstan arasında lokomotivlərin mübadiləsi, sərhədyanı prosedurlar, qanunvericilik, avtomobil daşımaları, informasiya mübadiləsi və gömrük əməkdaşlığı məsələləri üzrə koordinasiya təmin edilməlidir.

Bu proseslərin iki ölkə arasında uzlaşdırılması Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətləri də daxil olmaqla, bütün marşrutun səmərəliliyini artırmağa imkan verəcək”, – deyə N.Cəfərov bildirib.

O, həmçinin vurğulayıb ki, ayrı-ayrı marşrutların deyil, bütövlükdə nəqliyyat dəhlizinin inkişafı özəl şirkətlər üçün əlavə imkanlar yaradacaq və dəmir yolu və avtomobil daşıyıcıları arasında rəqabətin inkişafına töhfə verəcək.

Logistika sahəsində investisiyalara dövlət dəstəyindən danışan Cəfərov bildirib ki, Azərbaycanda özəl şirkətlər banklar vasitəsilə illik 5 faiz dərəcəsi ilə 10 milyon dollaradək maliyyə vəsaiti əldə edə bilərlər.

Onun sözlərinə görə, dövlət logistika sektoruna investisiyalar üçün müxtəlif lizinq imkanları və kredit xətləri də təqdim edir.

Bununla yanaşı, o, dövlət dəstəyi tədbirlərinin daha da genişləndirilməsinin və birbaşa bu sahədə fəaliyyət göstərən şirkətlərin ehtiyacları nəzərə alınmaqla özəl sektor üçün əlavə tövsiyələrin hazırlanmasının zəruriliyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti