Ətraf mühitə təsirin qiymətləndirilməsi qaydaları dəyişdirilir – Yeni tələblər

Cəmiyyət Sənəd 27 Noyabr 2026 09:45 (UTC +04:00)
Ətraf mühitə təsirin qiymətləndirilməsi qaydaları dəyişdirilir – Yeni tələblər
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) prosesinin əhatə dairəsi genişləndirilir, qiymətləndiricilərin attestasiyası və fəaliyyətinə dair yeni tələblər müəyyən edilir.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı yalnız insan sağlamlığı deyil, həm də insan təhlükəsizliyi nəzərə alınacaq. Eyni zamanda, qiymətləndirmənin əhatə etdiyi təsirlər sırasında mədəni irsə və sosial-iqtisadi sahəyə təsirlər də ayrıca müəyyənləşdirilir.

Qanuna “fəaliyyətə əsaslı dəyişiklik” anlayışı əlavə edilir. Bu, ilkin layihədən fərqli texnologiyaların tətbiqi, fəaliyyət ərazisinin genişləndirilməsi, istehsal və ya fəaliyyət həcminin, enerji və təbii resurs istehlakının, tullantıların miqdarının artması nəticəsində ətraf mühitin göstəricilərində dəyişikliklərə səbəb olan halları əhatə edir.

Bundan başqa, transsərhəd təsirin qiymətləndirilməsi anlayışı dəqiqləşdirilir. Belə qiymətləndirmə bir dövlətdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətin başqa dövlətin ərazisinə göstərə biləcəyi təsirlərlə bağlı aparılacaq. Bu zaman fəaliyyətin miqyası, yerləşdiyi ərazi, təhlükəlilik və təsir dərəcəsi nəzərə alınacaq.

Dəyişikliklərə əsasən, ƏMTQ üzrə qiymətləndiricilərin ixtisas attestatının qüvvədəolma müddəti beş il müəyyən edilir. Fəaliyyətini davam etdirmək istəyən şəxslər attestatın qüvvədəolma müddətinin son ilində yenidən müraciət edərək imtahanlarda iştirak edə biləcəklər. Qiymətləndirici ilk imtahandan sonra eyni istiqamət üzrə iki dəfə attestat aldıqda, sonuncu attestat ona müddətsiz veriləcək.

Eyni zamanda, qiymətləndirici olmaq istəyən şəxslər üçün attestat almaq məqsədilə keçirilən imtahanlarda iştirak ödənişli olacaq. İştirak haqqının məbləği müvafiq dövlət qurumu tərəfindən müəyyən ediləcək.

Bundan başqa, ƏMTQ sənədlərində qiymətləndirmə və proqnozlaşdırma metodları, istifadə olunan məlumat və mülahizələr, informasiya çatışmazlığı barədə məlumat (belə hal olduqda), habelə xəritə, qrafik və şəkilləri əhatə edən qeyri-texniki xülasə göstərilməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti