Oğlunun yanında can veribmiş

Hadisə Xəbər 26 Noyabr 2026 18:45 (UTC +04:00)
Oğlunun yanında can veribmiş

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, noyabrın 25-də Bakıda “Sabah” və “Barselona” komandaları arasında keçirilən futbol matçı zamanı Krasnoyarsk diyarından olan azarkeş vəfat edib.

Trend xəbər verir ki, 38 yaşlı Anton Petrişev matça baxmaq üçün bir gün əvvəl 11 yaşlı oğlu ilə birlikdə Azərbaycana səfər edib. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində qəfil onun halı pisləşib və o, tribunada huşunu itirərək yerə yıxılıb.

Hadisə şahidləri tibbi yardım çağırıblar. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə əlavə edilib.

İlkin məlumata görə, mərhumun ölümünün mümkün səbəbi ürək çatışmazlığıdır. Onun cəsədi ekspertiza aparılması üçün morqa göndərilib.

"SHOT" Teleqram kanalının məlumatına görə, Anton Petrişev Krasnoyarsk diyarının İqarka şəhərindəndir və son bir neçə ildə Moskvada yaşayıb. O, layihə-tikinti şirkətinin baş direktoru olub, həmçinin daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğul olub.

Məlumata görə, mərhum çox səyahət edib, tez-tez Maldiv adalarında istirahət edib. Özü isə Moskvanın “Lokomotiv” klubunun azarkeşi olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti