Litva Aİ-nin SAFE müdafiə proqramı çərçivəsində əlavə 1,44 milyard avro kredit istəyib

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 23:33 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Litva Avropa İttifaqının (Aİ) SAFE (“Security Action for Europe”) müdafiə proqramı çərçivəsində əlavə 1,442 milyard avro güzəştli kredit almaq üçün müraciət edib.

Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun rəhbəri Robertas Kaunasın sözlərinə görə, ayrılması nəzərdə tutulan vəsait hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, pilotsuz sistemlərin və onlarla mübarizə vasitələrinin inkişafına, eləcə də döyüş sursatlarının alınmasına yönəldiləcək.

Bundan əlavə, Vilnüs əldə olunacaq maliyyə vəsaiti hesabına radioelektron mübarizə sistemləri, radarlar, tank əleyhinə minalar və digər müasir müdafiə texnologiyaları almağı planlaşdırır.

Proqramın ikinci mərhələsi çərçivəsində ümumi maliyyələşdirmə həcmi 21,3 milyard avro təşkil edir. SAFE fondunun ümumi büdcəsi isə təxminən 150 milyard avro həcmində qiymətləndirilir.

Qeyd edək ki, Litva daha əvvəl 6,375 milyard avro məbləğində güzəştli kreditin ayrılması ilə bağlı təsdiq alıb. Bu vəsaitin 956 milyon avro həcmində ilk tranşı artıq ölkəyə köçürülüb.

SAFE proqramı Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və yenidən silahlanma planının tərkib hissəsi kimi, Polşanın Aİ Şurasına sədrliyi dövründə bu ölkənin təşəbbüsü ilə yaradılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti