Bakı. Trend:
Sabah, noyabrın 27-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkilatçılığı ilə Prezident Kuboku yarışına start veriləcək.
Həvəskar və peşəkar boksçuların iştirak edəcəyi turnirin ümumi mükafat fondu 3 milyon dollar (5,1 milyon manat) təşkil edir. Kişilər 12 çəki dərəcəsində mübarizə aparacaqlar.
IBA yarışın təqdimatında Azərbaycan boksçuları arasında Avropa çempionu Səidcəmşid Cəfərov və dünya çempionatının mükafatçısı Sərxan Əliyevi xüsusi qeyd edib.
Turnirdə qızıl medal qazanan idmançıya 100 min dollar (170 min manat), gümüş medal sahibinə 50 min dollar (85 min manat), bürünc medal qazanan hər boksçuya isə 25 min dollar (42 500 manat) mükafat veriləcək. Qaydalara əsasən, mükafat məbləğinin 50 faizi idmançıya, 25 faizi məşqçiyə, digər 25 faizi isə milli federasiyaya çatacaq.
Yarımfinala yüksələ bilməyən boksçular da mükafatsız qalmayacaqlar. Belə ki, onların ilkin mərhələlərdə qazandıqları hər qələbəyə görə 1000 dollar (1700 manat) ödəniləcək. Yarımfinala vəsiqə qazanan idmançılar üçün isə bu bonuslar yekun nəticəyə uyğun olaraq verilən medal mükafatları ilə əvəzlənəcək.
Yarışda məğlub olan idmançı mübarizəni dayandıracaq. Döyüşlər hər biri üç dəqiqə olmaqla üç raunddan ibarət olacaq. Püşkatma zamanı boksçuların səpələnməsi tətbiq edilməyəcək. Bu isə o deməkdir ki, favorit hesab olunan idmançılar artıq ilk mərhələlərdə bir-biri ilə qarşılaşa bilərlər.
Finala qədər bütün döyüşlər “Bağcılar Göztepe” İdman Kompleksində keçiriləcək. Dekabrın 4-də baş tutacaq final qarşılaşmalarına isə “Sinan Erdem” İdman Sarayı ev sahibliyi edəcək.
