Azərbaycan Türkiyə və Rusiya ilə e-CMR daşımalarına başlayacaq

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 16:25 (UTC +04:00)
Azərbaycan Türkiyə və Rusiya ilə e-CMR daşımalarına başlayacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan dekabr ayında Türkiyə və Rusiya ilə "e-CMR" elektron yük qaiməsindən istifadə etməklə pilot daşımalar həyata keçirməyi planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə axşamı Bakıda keçirilən 2026-cı il Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş forumda Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov bildirib.

Elektron "e-CMR" yük qaiməsinin tətbiqindən danışan o, bu sənədin beynəlxalq avtomobil daşımalarında əsas sənədlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda yük qaiməsindən hələ də kağız formatında istifadə olunur.

“Dekabr ayında Türkiyə və Rusiya ilə elektron e-CMR sistemi vasitəsilə pilot daşımaların həyata keçirilməsi planlaşdırılır”, – deyə o bildirib.

K.Qurbanovun sözlərinə görə, Azərbaycan nəqliyyat daşımalarının rəqəmsallaşdırılması üzrə üç əsas istiqamətdə iş aparır: elektron TIR sistemi, e-CMR elektron yük qaiməsi və elektron icazə sistemi (e-Permit).

“Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan olmaqla beş ölkə ilə daşımalar zamanı e-Permit elektron sistemindən istifadə edir. Yaxın gələcəkdə daha üç ölkə – Çin, Belarus və Ukrayna da bu sistemə qoşulacaq. Sonrakı mərhələdə isə digər ölkələrin də sistemə qoşulması nəzərdə tutulur”, – deyə o bildirib.

Elektron TIR sistemindən danışan K.Qurbanov Azərbaycan və Türkmənistan arasında ilk pilot layihənin uğurla başa çatdığını bildirib.

“Layihə çərçivəsində azərbaycanlı daşıyıcılar elektron TIR-dan istifadə etməklə yükləri təyinat yerinə çatdırıblar. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar prosesində Türkmənistandan olan dörd daşıyıcı da iştirak edib. Pilot layihənin icrasına BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU), Türkmənistan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (SADA) və ABADA cəlb olunub. Bu ilin sonunadək Türkiyə ilə elektron TIR-dan istifadə etməklə daşımalar həyata keçirməyi planlaşdırırıq. Daha sonra Qazaxıstanla da belə daşımalar reallaşdırılacaq. Beləliklə, sistem həm şərq, həm də qərb istiqamətlərini əhatə edəcək”, – deyə K.Qurbanov qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti