Bakı. Trend:
Vəfat edən şəxsdən ev, torpaq və digər əmlakla yanaşı, ödənilməmiş borclar da qala bilər. Bəs həmin şəxsin nə qanun, nə də vəsiyyət üzrə vərəsəsi varsa, miras kimə çatır və borclar hansı qaydada ödənilir?
Vəkil Babək Həmidov Trend-ə açıqlamasında bildirib ki, vərəsəsiz əmlakın dövlət xəzinəsinə keçməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1165-ci maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, burada həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələr nəzərdə tutulur. Vəfat edən şəxsin bu iki əsasdan heç biri üzrə vərəsəsi olmadıqda, ondan qalan əmlak dövlət mülkiyyətinə keçir.
B.Həmidov qeyd edib ki, vərəsələr olduğu halda da miras dövlətə keçə bilər. Belə ki, bütün vərəsələr öz miras paylarından imtina etdikdə əmlak dövlət mülkiyyətinə keçir. Vəkilin sözlərinə görə, miras qoyan şəxs bütün vərəsələri qanun üzrə vərəsəlik hüququndan məhrum etdikdə də eyni qayda tətbiq olunur.
Vəkil əlavə edib ki, miras qoyanın ödənilməmiş borcu varsa, onu dövlət ödəyir. Ödənişin məbləği dövlətə keçən miras əmlakının dəyəri ilə məhdudlaşır.

