Meksika “SpaceX” raketlərinin qalıqlarının vurduğu ekoloji zərəri araşdırır

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 01:32 (UTC +04:00)
Meksika “SpaceX” raketlərinin qalıqlarının vurduğu ekoloji zərəri araşdırır
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika hakimiyyəti Tamaulipas ştatının sahillərində “SpaceX” raketlərinin qalıqlarının səbəb olduğu mümkün ekoloji zərərin araşdırılmasına başlayıb.

Bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum məlumat verib.

O qeyd edib ki, araşdırmanın nəticələrindən asılı olaraq, Amerika şirkətinə qarşı sanksiyalar tətbiq edilə bilər.

Prezidentin sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi üzrə Federal Prokurorluq Mühafizə Olunan Təbiət Əraziləri üzrə Milli Komissiya və ölkənin Hərbi Dəniz Qüvvələri ilə birgə raket qalıqlarının axtarışına və toplanmasına başlayıb. Noyabrın 20-dək ümumilikdə 5,9 kiloqram qalıq toplanıb. Bununla belə, zərər çəkmiş əraziyə nəzarət davam etdirilir.

Hadisə noyabrın 13-də Meksika sərhədi yaxınlığında, ABŞ-nin Texas ştatında yerləşən “Starbase” kosmodromundan “Starship” kosmik gəmisinin buraxılışından sonra baş verib. Sürətləndiricinin partlamasından sonra dalğalar raket qalıqlarını Matamoros şəhərinin sahillərinə gətirib.

Şeynbaum vurğulayıb ki, məsələ dövlətlərarası səviyyədə həll olunmalıdır, çünki buraxılışlar həm Meksikanın, həm də ABŞ-nin hava məkanına toxunur. Onun sözlərinə görə, Meksika tərəfi artıq iki ölkənin aerokosmik qurumları arasında danışıqların təşkili təklifi ilə ABŞ səfirliyinə müraciət edib.

Bundan əlavə, Meksika hökuməti buraxılış meydançasının başqa yerə köçürülməsi imkanını da nəzərdən keçirəcək. Bu addım “SpaceX” şirkətinin buraxılışların sayını ildə 400-ə çatdırmaq planları ilə əlaqədardır. Mexiko bu cür əməliyyatların tezliyini və miqyasını tənzimləyən dəqiq qaydaların müəyyənləşdirilməsində israr edir.

“Əgər ekoloji fəsadlar aşkar edilərsə, müvafiq şikayətlər təqdim olunacaq”, - deyə Şeynbaum bildirib.

Xəbər lenti

Xəbər lenti