Azərbaycan bankları ilk dəfə olaraq 2026-cı il üzrə dayanılıqlı inkişafla bağlı məlumatları ictimailəşdirəcək

İqtisadiyyat Xəbər 27 Noyabr 2026 11:38 (UTC +04:00)
Azərbaycan bankları ilk dəfə olaraq 2026-cı il üzrə dayanılıqlı inkişafla bağlı məlumatları ictimailəşdirəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan bankları 2026-cı il üzrə dayanıqlı inkişaf göstəricilərinə dair məlumatları ilk dəfə 2027-ci ilin birinci rübündə ictimaiyyətə açıqlayacaqlar.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı inkişaf şöbəsinin iqtisadçısı Əli Əhmədzadə AMB-nin təşkil etdiyi “Maliyyə sektorunda ekoloji, sosial və idarəetmə (ESG) amilləri” mövzusunda təlimdə bildirib.

Onun sözlərinə görə, 2023-cü ildən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlı maliyyələşdirmə istiqamətində bir sıra mühüm addımlar atıb.

“2023-cü ilin fevral ayında 2023–2026-cı illər üzrə Dayanıqlı Maliyyələşdirmə Yol Xəritəsi hazırlanaraq dərc edilib. Tənzimləyici qurumun bu istiqamətdə fəaliyyəti həmin sənədə uyğun həyata keçirilir və orada nəzərdə tutulan hədəf göstəricilərinin əksəriyyətinə artıq nail olunub. Növbəti dövrdə dayanıqlı maliyyələşdirmə sahəsində yeni hədəflər nəzərə alınmaqla işlər davam etdiriləcək”, – deyə o bildirib.

Ə. Əhmədzadə qeyd edib ki, 2024-cü ilin iyun ayında banklarda ekoloji risklərin idarə olunmasına dair tövsiyələr hazırlanaraq dərc edilib.

“Həmin ilin noyabr ayında, COP29-un keçirildiyi dövrdə “Yaşıl” taksonomiya təsdiqlənib. 2025-ci ilin fevral ayında "yaşıl "və dayanıqlı kreditləşməyə dair tövsiyələr dərc olunub. Bu sənəddə belə kreditlərin verilməsi şərtləri və qaydaları müəyyən edilib. Bundan əlavə, 2025-ci ilin dekabr ayında Mərkəzi Bankın prudensial qaydalarına dəyişikliklərin edilməsi barədə qərar qəbul olunub. Banklarda korporativ idarəetmə standartlarına və kredit risklərinin idarə edilməsi qaydalarına müvafiq dəyişikliklər 2026-cı il fevralın 9-da qüvvəyə minib. 2026-cı il aprelin 1-dən isə prudensial hesabatlılıq qaydalarına edilən dəyişikliklər də qüvvəyə minib. Həmin dəyişikliklər çərçivəsində dayanıqlı maliyyələşdirməyə dair yeni bölmə əlavə edilib və banklar bu bölmə üzrə hər ay Mərkəzi Banka hesabat təqdim etməlidirlər”, – deyə o əlavə edib.

Ə. Əhmədzadə, həmçinin bildirib ki, 2026-cı ilin may ayında Nazirlər Kabineti Milli “Yaşıl” taksonomiyanı təsdiqləyib. Beləliklə, taksonomiya yalnız Mərkəzi Bank tərəfindən təsdiqlənmiş sənəd deyil, ölkə səviyyəsində qəbul edilmiş vahid taksonomiya statusu əldə edib.

Onun sözlərinə görə, maliyyələşdirilən emissiyalar üzrə hesabatlılıq tələbi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bundan əlavə, banklar 2026-cı hesabat ili üzrə dayanıqlı inkişaf göstəricilərinə dair məlumatları ilk dəfə 2027-ci ilin birinci rübündə ictimaiyyətə açıqlamalı olacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti