Bakı. Trend:
ABŞ ordusuna məxsus “F-16” qırıcı təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin xəbərdarlıq atəşi ilə geri çəkilməyə məcbur olub.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Hörmüz boğazından keçmək məqsədilə qanunu pozan gəmilərə havadan dəstək vermək üçün ABŞ ordusuna məxsus 1 ədəd “F-16” qırıcı təyyarəsi İranın Henqam adasının cənub-şərqində ölkənin hava zolağına daxil olub.
SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin yeni və modern sistemi ilə xəbərdarlıq atəşi açılıb. Atəş açıldıqdan sonra ABŞ ordusuna məxsus qırıcı təyyarə kəskin manevr edərək istiqamətini dəyişməyə və ölkənin hava zolağından uzaqlaşmağa məcbur olub”, -deyə məlumatda qeyd olunub.
SEPAH xəbərdarlıq edib ki, Hörmüz boğazından keçidin idarə olunması və nəzarət qaydalarından kənar göstərilən hər hansı cəhd qəbuledilməzdir. Belə addımların davam etməsi qaydaları pozanların ağır xəsarətlə üzləşməsinə səbəb olacaq.
SEPAH qeyd edib ki, İranın hava zolağı ölkənin silahlı qüvvələrinin qırmızı xətti hesab olunur. ABŞ qırıcıları tərəfindən ölkənin hava zolağının pozulması halı təkrarlandığı halda, hava hücumundan müdafiə sistemi ilə qətiyyətli cavab veriləcək.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
