Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə daxil edilməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat Xəbər 27 Noyabr 2026 10:41 (UTC +04:00)
Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə daxil edilməsi müzakirə olunub (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə daxil edilməsi müzakirə olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, müzakirə Bakıda keçirilən Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclasında aparılıb.

İclasda Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantılarının inkişafı, infrastruktur layihələri müzakirə olunub.

Dialoq zamanı Orta Dəhlizin inkişafı üzrə Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanları, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına qurumun mümkün dəstəyi, Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi, Avropa logistika şirkətlərinin Orta Dəhlizdən istifadəsinin təşviqi məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu dialoq tərəflər arasında münasibətlərdə yaranmış müsbət dinamikanı davam etdirmək və nəqliyyat sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni perspektivlər açır. Əldə olunmuş irəliləyişi nəzərdən keçirmək, ortaq prioritetləri bir daha təsdiqləmək və konkret növbəti addımları müəyyən etmək baxımından belə müzakirələr əlavə imkan yaradır.

Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Maqda Kopçinska qeyd edib ki, ötən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə inkişaf edib. Regional bağlantılar, rəqəmsallaşma və aviasiya sahələri birgə fəaliyyətin genişləndirilməsi üçün ortaq maraqların olduğu əsas istiqamətlərdir.

Dialoq zamanı tərəflər Orta Dəhlizin inkişafına dəstək məqsədilə Aİ-Azərbaycan nəqliyyat əməkdaşlığının dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Növbəti mərhələdə müzakirə olunan məsələlər üzrə fikir mübadiləsini intensivləşdirmək barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti