Bakı. Trend:
Ali Məhkəmənin Cinayət kollegiyası səhlənkarlıqda və vəzifə saxtakarlığında ittiham olunan mama-ginekoloqla bağlı cinayət işi üzrə kassasiya protestini təmin edib. Apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və iş yeni məhkəmə baxışına göndərilib.
Ali Məhkəmənin açıqlamasına görə, qərar rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı əməllərin hüquqi qiymətləndirilməsi və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edir.
İttihama əsasən, həkim hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib. Dölün ana bətnində kəskin oksigen çatışmazlığı keçirməsi təcili cərrahi müdaxilə üçün göstəriş olsa da, həkim əməliyyatın vaxtında aparılmasını təmin etməyib. Körpə əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.
İttihamda həmçinin göstərilib ki, həkim “Doğum tarixi” adlı rəsmi tibbi sənədə dölün perinatal mərkəzə qəbul zamanı ölü olması barədə bilə-bilə yanlış məlumat daxil edib. İttihama görə, ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünə dair qeydlər dölün qəbul zamanı diri olduğunu göstərib.
Birinci instansiya məhkəməsi həkimi Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək ona vəzifə saxtakarlığı ittihamı üzrə bəraət verib. Məhkəmə səhlənkarlıqla bağlı əməli Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə tövsif edib və həkimə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Ali Məhkəmə qeyd edib ki, vəzifə saxtakarlığına görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə yalnız vəzifəli şəxs məsuliyyət daşıya bilər. Rəsmi sənədlərin saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə tutan 320.1-ci maddənin tətbiqi üçün isə bu status tələb olunmur. Buna görə apellyasiya məhkəməsi ittihamda göstərilən hərəkətləri araşdırmalı və onların həmin maddə ilə tövsif edilməsinin mümkünlüyünə hüquqi qiymət verməli idi.
Cinayət kollegiyası həmçinin bildirib ki, sonradan qüvvəyə minmiş daha yüngül qanun yalnız əməlin törədildiyi vaxt qüvvədə olan qanuna əsasən cinayət təşkil etdiyi müəyyənləşdirildikdə geriyə şamil oluna bilər. Ali Məhkəmənin qənaətinə görə, apellyasiya məhkəməsi bu şərti müəyyən etmədən əməli hadisə vaxtı qüvvədə olmayan 142.4-cü maddə ilə tövsif edib.
