Bakı. Trend:
Mincivan qəsəbəsində inşa edilmiş Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi şəhərciyinin açılışı və xidməti mənzillərin orderlərinin təqdim edilməsi münasibətilə mərasim keçirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, şğaldan azad edilmiş ərazilərdə sərhəd mühafizə infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Mincivan qəsəbəsində inşa edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi şəhərciyinin açılışı və xidməti mənzillərin orderlərinin təqdim edilməsi münasibətilə mərasim keçirilib.
Mərasimdə Prezident İlham Əliyevin sərhəd təhlükəsizliyinə və hərbi qulluqçuların sosial rifahına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində dövlət sərhədlərimiz boyunca genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirildiyi, müasir tələblərə cavab verən sərhəd mühafizə infrastrukturunun yaradıldığı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən xüsusi vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə müasir yaşayış komplekslərinin istifadəyə verilməsinin tarixi Zəfərimizin yaratdığı yeni reallıqların əyani ifadəsi, sərhədçilərə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğu qeyd edilib.
Qeyd olunub ki, üç hektara yaxın ərazidə salınmış, 54 mənzilli ikimərtəbəli binalardan ibarət şəhərcikdə hərbi qulluqçuların və onların ailə üzvlərinin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılmışdır. Müasir standartlara uyğun təmir edilmiş mənzillər mebel və zəruri məişət avadanlıqları ilə təchiz olunmuş, ərazidə geniş abadlıq işləri aparılmış, istirahət parkı salınıb.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilmiş, sərhədçilərə və onların ailə üzvlərinə firavan həyat, hərbi qulluqçulara dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulanıb.
Tədbir çərçivəsində hərbi şəhərciyin ərazisində yaşıllaşdırma məqsədilə ağacəkmə aksiyası keçirilib.
