Ermənistan Konstitusiyasından istinadın çıxarılması sülh üçün ilkin şərtdir – Şərh

Siyasət Rəy 27 Noyabr 2026 12:03 (UTC +04:00)
Ermənistan Konstitusiyasından istinadın çıxarılması sülh üçün ilkin şərtdir – Şərh
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinadın çıxarılması Azərbaycanla sülh müqaviləsinin yekun imzalanması üçün qalan yeganə ilkin şərtdir.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bütövlükdə Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olması möhkəm hüquqi bünövrəyə əsaslanmalıdır. Bu istiqamətdə diplomatik müstəvidə artıq əhəmiyyətli addımlar atılıb.

Onun sözlərinə görə, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma mərhələsinə doğru inkişaf etməsi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh gündəliyinin uğurla həyata keçirilməsinin əyani nəticəsidir.

N.Səfərov vurğulayıb ki, sülhə doğru irəliləyişə yalnız ikitərəfli səylər əsasında nail olmaq mümkündür. Bu baxımdan Ermənistan tərəfindən hüquqi müstəvidə zəruri addımların atılması sülh müqaviləsinin imzalanması, parlamentlər tərəfindən ratifikasiya edilməsi və qüvvəyə minməsi üçün ciddi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, hər bir ölkənin əsas qanunu olan Konstitusiyanın yenidən qəbul edilməsi və ya onun hər hansı müddəasının dəyişdirilməsi həmin ölkənin daxili məsələsidir. Bununla yanaşı, Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması sülh müqaviləsinin yekun imzalanması üçün qalan yeganə ilkin şərtdir.

N.Səfərov xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoysa da, Ermənistanın mövcud Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması zərurəti qalır.

Onun sözlərinə görə, bu istinad aradan qaldırılmadan sülhü şərtləndirən formal hüquqi prosedurları yekunlaşdırmaq mümkün deyil.

Deputat noyabrın 23-də Ermənistan hökuməti tərəfindən təqdim olunan yeni Konstitusiya layihəsinə də münasibət bildirib. O qeyd edib ki, sənəd Ermənistan müxalifəti və revanşist dairələr tərəfindən sərt tənqid olunub, həmin qüvvələr layihənin guya ölkənin milli maraqlarına zidd olduğunu ön plana çəkiblər.

N.Səfərov bildirib ki, Ermənistandakı siyasi çəkişmələri bir kənara qoyaraq regionda yaranmış yeni reallıqları nəzərə almaq lazımdır.

“İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər nəticəsində regionda yeni reallıqlar formalaşıb. Dövlətimiz tərəfindən atılan ardıcıl addımlar tamamilə yeni təhlükəsizlik arxitekturasının yaranmasına xidmət edir. Hərbi-siyasi kapitulyasiyaya uğrayan tərəf baş verən hadisələrdən düzgün nəticə çıxarmalıdır”, – deyə deputat vurğulayıb.

O əlavə edib ki, bu gün sülhə nail olmaq, dövlətlərarası münasibətlərdə etimad rejimi formalaşdırmaq və regional əməkdaşlığı inkişaf etdirmək üçün başqa alternativ mövcud deyil. Bu məsələlər beynəlxalq gündəliyin prioritet istiqamətlərindəndir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti