Bakı.Trend:
İstanbulda "Halk TV"nin maliyyələşdirilməsi ilə bağlı istintaq çərçivəsində telekanalın aparıcısı Ece Üner və həyat yoldaşı Deniz Bayramoğlu da daxil olmaqla 9 nəfər saxlanılıb.
Bu barədə "Haber7" məlumat yayıb.
Əməliyyatın üçüncü mərhələsində 12 şübhəlinin cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti çaşdıran məlumatları yaymaq, rüşvət, tenderlərə qanunsuz müdaxilə və vergi qanunvericiliyini pozmaqda şübhəli bilinərək saxlanılması barədə qərar verilib.
İstintaq materiallarına əsasən, 2021-ci ildə İzmirdə yaradıldığı bildirilən "Bustech" şirkəti vasitəsilə İzmir Böyükşəhər Bələdiyyəsinin tenderlərinin qanunsuz əldə edildiyi, saxta hesab-fakturalar tərtib olunaraq vəsaitlərin "Halk TV"yə, eləcə də şirkətin rəhbərlərinin digər müəssisələrinə və şəxsi hesablarına köçürüldüyü iddia edilir.
Həmçinin, tenderlər müqabilində bələdiyyənin məsul şəxslərinə rüşvət verildiyi, vəsaitlərin müxtəlif hesablar arasında dövriyyəyə buraxılaraq leqallaşdırılmasına cəhd göstərildiyi bildirilir. İstintaq çərçivəsində rüşvətə dair fotoşəkillərin və digər sübutların da toplandığı qeyd olunur.
İstintaq materiallarında "Halk TV"nin aparıcısı Ece Üner və həyat yoldaşı Özgürdeniz Bayramoğluna aylıq 1 milyon 650 min türk lirəsi (təxminən 39 min ABŞ dolları) qeyri-rəsmi ödəniş edildiyi və bunun müqabilində həqiqətə uyğun olmayan xəbərlərin hazırlandığı da iddia olunur.
Saxlanılanlar arasında Ece Üner, Deniz Bayramoğlu, "Bustech" şirkətinin rəhbərləri Haydar Rüzgar və Ahmet Keçiyokuşu, İzmir Böyükşəhər Bələdiyyəsinin müvafiq idarəsinin rəisi Ulaş Eroğlu və digər şəxslər var.
Saxlanılması barədə qərar verilən "Halk TV"nin xəbər koordinatoru Hakan Kürşad Oğuzun xaricdə olduğu, "Repar" şirkətinin sahibi Recep Ersünün başqa cinayət işi üzrə həbsdə olduğu müəyyən edilib. "Esbakım" şirkətinin sahibi Emre Kayanın saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
