Bakı. Trend:
Ali məktəblərə qəbul üçün buraxılış və blok imtahanlarının birləşdirilməsi, abituriyentlərin bilik və bacarıqlarının dörd fənn üzrə vahid imtahanda yoxlanılması təklif olunur.
Bu barədə Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
“Qəbul imtahanı beş-altı fənn üzrə keçirilməməlidir. Bu, valideyn üçün əlavə maddi yükdür, şagirdi də yorur. Mən dörd fənn üzrə bir imtahanın keçirilməsinin tərəfdarıyam. İki cəhd ola bilər, amma buraxılış və blok imtahanları ayrı-ayrılıqda keçirilməsin”, – ekspert bildirib.
Nurəliyev təklif edib ki, Azərbaycan dili, riyaziyyat və xarici dil bütün abituriyentlər üçün ümumi fənlər olsun, dördüncü fənn isə ixtisas qrupuna uyğun seçilsin. O, nümunə kimi birinci qrupun müvafiq altqrupları üzrə informatika və kimyanı, ikinci qrup üzrə coğrafiyanı, üçüncü qrup üzrə tarixi, dördüncü qrup üzrə isə biologiyanı göstərib.
“Hər fənn üzrə 20 sual vermək olar. Onlardan 10-u test, qalan 10-u isə digər bilik və bacarıqları yoxlayan tapşırıqlar ola bilər. Hesab edirəm ki, bu, şagirdin biliyini qiymətləndirmək üçün kifayətdir”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, abituriyentlər hazırda ixtisas qrupundan asılı olaraq beş və ya altı fənn üzrə 5–11-ci siniflərin mövzularını əhatə edən imtahanlara hazırlaşırlar. O bildirib ki, uzun hazırlıq prosesi şagirdləri yorur və bu yorğunluq universitetə qəbuldan sonra da özünü göstərir.
“Universitetə qəbul çətinləşir, şagird qəbul olandan sonra isə sanki bütün problemlərin bitdiyini düşünür. Halbuki o, gələcək karyerası üçün lazım olan bilik və bacarıqları universitetdə, qəbul olduğu ixtisas üzrə qazanır”, – Nurəliyev vurğulayıb.
O qeyd edib ki, məktəb və qəbul proqramları mövzu baxımından üst-üstə düşsə də, qəbulda yoxlanılan mövzuların müxtəlif siniflərdə tədris edilməsi yuxarı sinif şagirdləri üçün əlavə hazırlıq ehtiyacı yaradır. Ekspert təmayüllü siniflərdə qəbul proqramı üzrə mövzuların 10-cu sinifdən sistemli şəkildə tədris edilməsi təcrübəsinin genişləndirilməsini və şagirdlərin məktəbdəki nailiyyətlərinin qəbul zamanı nəzərə alınmasını təklif edib.
Nurəliyev bildirib ki, test modelinə keçid yazılı və şifahi imtahanlarda korrupsiya hallarının aradan qaldırılmasında mühüm rol oynayıb. O, Dövlət İmtahan Mərkəzinin açıq tipli suallardan istifadə etdiyini və esse tipli tapşırıqların tətbiqi istiqamətində çalışdığını qeyd edib. Ekspert SAT, TOEFL və IELTS kimi beynəlxalq imtahanların təcrübəsinə baxmağı, elektron imtahan formatlarından, yazı və dinləmə tapşırıqlarından daha geniş istifadə etməyi təklif edib.
“Yeni model yalnız universitetlərə qəbulla məhdudlaşmamalıdır. Bu model məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələrdə də tətbiq olunmalıdır. Şagird bu tip tapşırıqların nümunələrini məktəbdə görməlidir ki, qəbul imtahanında onları rahat yerinə yetirə bilsin”, – ekspert bildirib.
Nurəliyev bəzi universitetlərdə semestr imtahanlarının da yenilənməsini təklif edib. Onun fikrincə, qiymətləndirmə tələbənin biliyini praktikada tətbiq etmək və araşdırma aparmaq bacarığına əsaslanmalıdır.

