Bakı.Trend:
Naməlum hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) istifadə etdiyi əsas bulud platforması olan Cloud One" sisteminə müdaxilə ediblər.
Bu barədə "Reuters" agentliyi üç məlumatlı mənbəyə istinadən xəbər yayıb.
İcazəsiz müdaxilə son bir ay ərzində sistemin modernləşdirilməsi işləri zamanı aşkarlanıb. Hadisə nəticəsində platformanın fəaliyyəti pozulub. Hərbçilər bir sıra tətbiqlərin bulud sisteminə köçürülməsini dayandırmalı, artıq istifadə olunan proqram təminatının yenilənməsini bloklamalı olublar. Həmçinin bəzi istifadəçilərin admin (inzibatçı) səlahiyyətləri məhdudlaşdırılıb.
"Cloud One" platforması 2017-ci ildə "Microsoft", "Amazon", "Oracle" və "Alphabet" şirkətlərinin resursları əsasında istifadəyə verilib. Platforma Şimali Amerika üzrə hava hücumundan müdafiə radarlarından məlumatların toplanması, eləcə də ABŞ HHQ-nin dünyanın 200-dən çox obyektində bomba və raketlərin izlənməsi daxil olmaqla, mühüm hərbi sistemlərin fəaliyyətini təmin edir.
Hadisənin araşdırılmasına və vurulan zərərin miqyasının qiymətləndirilməsinə ABŞ Kiber Komandanlığı da cəlb olunub. Hazırda hücumu həyata keçirən şəxslərin kimliyi müəyyən edilməyib. Onların məxfi məlumatları ələ keçirə bilib-bilmədikləri də məlum deyil.
